
BAKI, 6 fevral. TELEQRAF
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında dini etiqad azadlığı sahəsində qanunvericilik bazasına bəzi dəyişikliklər edilməsi barədə səslənən təkliflər başadüşüləndir. Qanunvericiliyin zamanın və cəmiyyətin tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi təbii və zəruri prosesdir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib.
"1992-ci ildə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Qanuna indiyədək dəfələrlə zəruri əlavə və dəyişikliklər olub və gələcəkdə qanunun daha da təkmilləşdirilməsi mümkündür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsuliyyətini dərk edərək, bu cür məsələlərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır", -deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında bir sıra qanun layihələrinin hazırlanması və qəbul edilməsi təklif edilib. Dini hüquqların qorunması, dini dözümlülük və müxtəlif dini icmaların hüquqlarının təmin edilməsi istiqamətlərində qanunvericiliyə təkliflər səslənib.