Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirk:
- Eldar müəllim, Azərbaycan-Türkiyə dostluğu, əməkdaşlığı bu gün özünün ən yüksək dövrünü yaşayır. Dünyada bu cür yüksək münasibətlərə malik ikinci bir nümunə mövcud deyil. II Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqda iki qardaş ölkənin müəyyənləşdirdiyi inkişaf strategiyasının hədəflərini necə şərh etmək olar?
- Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Ötən il iyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu mənada iki dövlət arasındakı birliyin, doğmalığın, dostluğun, qardaşlığın növbəti təzahürüdür. Böyük əhəmiyyətli mühüm tarixi sənədin imzalanması qürurverici amil idi. II Qarabağ müharibəsi başlandığı andan qardaş Türkiyə Azərbaycanın yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, Azərbaycan haqlı mübarizəsində tək deyil. Bu, bütün dünya üçün bir mesaj oldu. Vətən müharibəsinin sonuncu dəqiqəsinə qədər qardaş Türkiyə Azərbaycanın yanında oldu. Müharibədən sonra Azadlıq meydanında keçirilən Qələbə paradında da Ali Baş Komandan İlham Əliyevlə bərabar qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əldə edilən tarixi zəfərin ortaq bir dəyərə malik olduğunu vurğuladı. Sirr deyil ki, bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli rola malikdir. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Nəqliyyat, energetika, mədəniyyət, humanitar sahədə qardaş ölkə ilə birgə reallaşdırdığımız layihələr mövcuddur.
Bütün bu faktlar onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyi danılmazdır. Dövlətimiz və xalqımız qardaş Türkiyənin dəstəyini heç vaxt unutmayacaq.
- 10 noyabr 2020-ci il üçtərəfli razılaşmsınadan sonra Azərbaycan sülh müstəvisində özünün qətiyyətli mövqeyini ortaya qoyub. Moskvada əldə edilən bir neçə mühüm razılaşmadan sonra Brüssel formatı çərçivəsində də üç mühüm görüş baş tutub. Amma görünən odur ki, Ermənistan tərəfi növbəti dəfə sülhdən boyun qaçırmağa çalışır...
- Ermənistan hər vəchlə indiki mərhələdə vaxt udmağa can atır. Hazırda orada çalxalanma, təlatüm yaşanır. İrəvandakı iqtidar da bu məsələlərə qarşı adekvat davranmır. Ona görə də Ermənistan siyasi rəhbərliyi qarşısında şərtlər irəli sürülməlidir. Üçtərəfli sənədlərə Ermənistan rəhbərliyi imza ataraq, üzərinə öhdəliklər götürüb. Amma qarşı tərəf bu günə qədər üzərinə düşən öhdəlikləri icra etməyib. Azərbaycan bütün razılaşmalarda olduğu kimi Ermənistanla imzalanan üçtərəfli sənədlərdə də nəzərdə tutulmuş məsələləri icra edib. Sonuncu Brüssel görüşündən sonra müəyyən məsələlərdə irəliləyişin olduğu müşahidə edildi. Hər iki tərəfdən sərhədlərin dəqiqləşməsi ilə bağlı komissiyalar da formalaşdırıldı. Amma bundan sonra Ermənistan tərəfi təxribatlara əl atmağa başladı. İddia etdilər ki, guya sərhəd xəttində hansısa bir erməni əsgəri Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində yaralanıb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xarici İşlər Nazirliyi bəyanat yaydı. Hətta Dövlət Sərhəd Xidməti görüntüləri də ictimaiyyətə təqdim etdi ki, əslində hadisə necə baş verib. Məlum oldu ki, erməni əsgərləri öz aralarındakı insident nəticəsində güllə yarası alıb. Amma qarşı tərəf bundan prosesi pozmaq üçün istifadə etməyə çalışdı. Sözsüz ki, Ermənistan sülh prosesinə nə qədər maneə olmağa çalışsa, bu onun özünə ziyan vuracaq. Üçtərəfli razılaşmalara imza atmış Rusiya da bu məsələlərdə bir qədər fəal olmalıdır. Çünki hər bir tərəf imza atdığı sənədə görə cavabdehlik daşıyır. Bu gün Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlılarının fəaliyyəti ilə bağlı da məsələlərə aydınlıq gətirilməlidir. Onların Qarabağda hələ də qalmış separatçılara bu və ya digər formada himayəçilik etməsi heç bir halda qəbul edilmir. Əslində isə rus sülhməramlıları bölgədən qanunsuz silahlıların dərhal çıxarılmasını təmin etməli idi. Ermənistanın bütün bunların fonunda Avropa İttifaqının vasitəçiliyi ilə aparılan Brüssel danışıqlarını da zərbə altında qoyur. Bu hallar Ermənistanın bir dövlət kimi sabit siyasi xəttə malik olmamasından qaynaqlanır. Çünki Ermənistanda bu gün küçələrə çıxan keçmiş “Qarabağ klanının” təmsilçiləri olan Köçəryan-Sərkisyan, əlaltıları mümkün qədər prosesi pozmağa çalışır. Bunların fonunda isə Ermənistan iqtidarı özünün zəifliyini, acizliyini nümayiş etdirir. Sözsüz ki, Ermənistanın isə bu cür qeyri-adekvat davranışları Azərbaycanı növbəti dəfə Dəmir Yumruğa əl atmasına sövq edə bilər. Bunun nəticəsini də qarşı tərəf yaxşı dərk etməlidir. Ona görə də sülh müstəvisində aparılan danışıqları sabotaj etmək, imitasiya xatirinə hansısa addımları atıb sonradan pozuculuğa yol vermək nəticə etibarı ilə Ermənistanı çıxılmaz duruma salacaq. Ermənistanın yeganə çıxış yolu qonşuları ilə normal münasibətləri bərpa edib inkişaf və əməkdaşlığı seçməkdir. Əks halda təcrid olunmuş vəziyyət bu ölkəni daha ağır duruma salacaq. Çünki bütün regional kommunikasiyalardan kənarda qalan Ermənistan qonşu dövlətlərə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə mümkün inteqirasiya proseslərindən məhrum olub. Bu da öz növbəsində Ermənistan kimi heç bir potensiala malik olmayan ölkədə sosial fəlakətin daha da dərinləşməsinə gətirib çıxarır. Ona görə də Ermənistan siyasi rəhbərliyi yaranmış yeni reallığa adekvat siyasi xətti götürüb təklif edilən prinsiplərlə normal müstəvidə əməkdaşlığa töhfə verməlidir.
- Regional kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması kimi zəruri məsələlər gündəmdədir. Bu cür regional və qlobal əhəmiyyətli kommunikasiyaların açılmasının perspektivini necə görürsünüz?
- Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Bu amil nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir. Məhz bu xüsusda açılacaq Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də bu Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək. Ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq. Bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Qafqazda regional əlaqələrin yenidən formalaşamasında Zəngəzur dəhlizinin strateji əhəmiyyəti olduqca böyükdür. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanan Bəyanatın 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edildiyi vurğulanıb. Bu mənada Zəngəzur dəhlizi Azərbaycana Ermənistan, Türkiyə və İranla sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasına sərbəst çıxış imkanı yaradacaq. Eyni zamanda Zəngəzur dəhlizi nəqliyyat dəhlizinin keçdiyi regionların iqtisadi və sosial inkişafına və əhalinin məşğulluğuna da mühüm təsir edəcək. Bütün bunlarla yanaşı Zəngəzur dəhlizinin işə düşməsi türk dünyasınının birliyinə xidmət edəcək mühüm bir bağlantı rolunu oynayacaq.
- “3+3” platformasının yeni regional əməkdaşlığa xidmət edəcəyi vurğulanır. Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə irəli sürülən bu platformanın hazırkı mərhələdə aktiv müstəviyə keçməsi üçün daha hansı addımların atılması vacibdir?
- II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın üç ölkəsi, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İrandan ibarət altılıq formatı gündəmə gəldi. Eyni zamanda bu "3+3" əməkdaşlıq platforması da adlandırıldı. “3+3” formatı Cənubi Qafqaz və ondan kənarda olan Rusiya, Türkiyə və İran üçün mühüm əməkdaşlıq platformasıdır. Özünün malik olduğu iqtisadi imkanlarla və sabit siyasi strategiyası və hərbi gücü ilə Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan bu platformada aparıcı mövqeyə sahibdir. Çünki dövlətimiz beynəlxalq hüququ təkbaşına təmin etmiş ölkə kimi Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin formalaşdırıb. Məhz bu yeni reallığın müstəvisində “3+3” formatına da əsaslar yaranıb. 30 ildən artıq davam edən Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda və ondan kənarda olan bütün əməkdaşlıq imkanları üçün başlıca əngəl, meneə idi. II Qarabağ müharibəsindən sonra isə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi bundan sonra dövlətimizin sülh platforması üzrə danışıqlara başlaması artıq yeni bir dövrün başlanğıcı kimi xarakterizə edilir. Bu baxımdan “3+3” formatı “Zəngəzur dəhlizi” də daxil olmaqla nəqliyyat arxitekturasını dəyişmək imkanları kimi də dəyərləndirilir. Azərbaycanın su, hava, avtomobil və dəmiryolu nəqliyyat infrastrukturu altılıq ölkələrinin inteqrasiyasında mərkəzi kimi aparıcı rola malik ola bilər. Regionun cənub və şərq hissəsində aparıcı coğrafi mövqeyə sahib olan Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsində də aparıcı rolunu ortaya qoymağa hazırdır. Bununla yanaşı “3+3” formatı həm də regionun enerji təhlükəsizliyi üçün mühüm imkanlar aça bilər. Ermənistan da bu formatdan istifadə edərək, regional layihələrə qoşulmaqla işğal siyasətinə görə təcrid edilmiş vəziyyətdən çıxmaq imkana qazanar. Sözsüz ki, bu məsələdə də adları çəkilən dövlətlərin siyasi iradə nümayiş etdirməsi olduqca vacibdir. Çünki bu platforma üzrə 6 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun formalaşması təşəbbüsü irəli sürülsə də bu istiqamətdə hələlik ciddi addım atılmayıb.