BAKI, 18 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü, 1995-ci il təvəllüdlü Mahmudov Fikrət Habil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.