Azərbaycan bütün qonşuları ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasında maraqlıdır. Bu mənada dövlətimiz öz qonşuları ilə əlaqələrə böyük əhəmiyyət verir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı isə heç bir qonşulq və beynəlxalq hüquqa əsaslanmırdı. Məhz 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyün təmin edib. Yeni reallıq bölgədə mövcud olan qonşu və tərəfdaş ölkələrin birgə əməkdaşlığını ehtiva edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Onun fikrincə, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpası bir çoxları üçün narahatlıq yaradıb: “Son günlər müşahidə edilən mənzərə məhz bu halın mövcudluğunu təsdiqləyir. İranın ölkəmizin ərazi bütövlüyü və digər məsələlərdə sərgilədiyi mövqe heç bir hüquqa əsaslanmır. Hər bir dövlətin öz ərazisində istədiyi formada addım atmaq, tədbirlər keçirmək hüququ var. Ona görə də, başqa dövlətlərin Azərbaycanın öz tərəfdaşları ilə reallaşdırdığı hərbi təlimlərdən narahatlığı heç bir halda məntiqi görünmür”.

Millət vəkili hesab edir ki, bu günlərdə İranda yeni formalaşmış hakimiyyət təmsilçilərinin Azərbaycanla bağlı məsələlərdə heç bir fakta əsaslanmayan yanaşmaları tamamilə əsassızdır: “İranın yeni Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın Moskva səfəri zamanı Azərbaycandan şikayəti də məntiqsiz idi. Bu mənada Azərbaycana qarşı təsdiqlənməmiş uydurmalar səsləndirən İran XİN-in rəhbərinin yanaşmaları tamamilə absurddur. Beynəlxalq birlik bu cür yanaşmaları ciddi qəbul etmir”.