CƏLİLABAD, 23 avqust. TELEQRAF
Cəlilabad rayonunun Seyidbazar kəndində yerli sakinlərin 100 ildən artıqdır inanc yeri kimi ziyarət etdiyi pirin ərazisində müəmmalı qazıntı aparılıb.
Bu barədə Teleqrafın yerli bürosu xəbər verir.
Kənd sakinlərinin sözlərinə görə, bu ərazi nəsillərdir pir kimi tanınır. Rəsmi olaraq dövlətin tarixi-mədəniyyət abidələri siyahısında qeydiyyatda olmasa da, pir yerli əhali üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır.
Son günlər pirin ərazisində naməlum şəxslər tərəfindən qazıntı işləri aparıldığı məlum olub. Qazıntı zamanı torpaqdan sümük qalıqları üzə çıxıb.
Hazırda ərazidə qazıntı izləri aydın şəkildə görünür. İlkin məlumata görə, pirə yerli sakinlər tərəfindən qoyulan maddi vəsaitlərə toxunulmayıb.
Qazıntının kim tərəfindən və hansı məqsədlə aparıldığı, həmçinin ərazidən aşkarlanan sümük qalıqlarının kimə və hansı dövrə aid olduğu araşdırmanın nəticəsində müəyyənləşəcək.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.