BAKI, 10 mart. TELEQRAF

Azərbaycan Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin axtarışına cəlb edilən yeni beynəlxalq təşkilatın adı məlum olub.

Teleqraf-ın xəbərinə görə, bundan sonra itkin düşmüş şəxslərlə bağlı araşdırmaları həm də İCMP (The International Commission on Missing Persons - İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya) aparacaq.

Artıq komissiya Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin axtarışı üzrə ilkin hesabat - təkliflər layihəsi hazırlayıb.

Təşkilatın rəsmi saytında verilən məlumata görə, İCMP itkin düşmüş şəxslərlə bağlı ixtisaslaşmış xüsusi bir komissiyadır. İCMP 1996-cı ildə G7 zirvəsində Yuqoslaviyadakı itkin düşmüş şəxsləri axtarmaq üçün təsis edilib. İCMP Suriya, Kolumbiya, Vyetnam dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Beynəlxalq komissiyanın xüsusi təşkil edilmiş DNA analiz laboratoriyaları da mövcuddur.

Qeyd edək ki, Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində 3977, 44 günlük Vətən müharibəsində 6 nəfər itkin düşüb.

İndiyə qədər itkinlərin axtarışında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) iştirak və tərəflər arasında vasitəçilik edib. Rəsmi Bakı komitənin fəaliyyətindən narazıdır və onun Azərbaycandakı ofisini bağlamaq qərarına gəlib.