
BAKI, 8 mart. TELEQRAF
Azərbaycan Birinci və İkinci Qarabağ müharibəsində əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin axtarışına yeni beynəlxalq missiya cəlb edib.
Bu barədə Teleqraf-a məlumatlı mənbələrdən bildirilib.
Yeni missiya Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi məsələsində rəsmi Bakıya kömək edəcək. Yeni beynəlxalq missiya obyektivliyi və tərəfsiz mövqeyi ilə BQXK-dan fərqlənir. Missiyanın adı həftənin bazar ertəsi günü - martın 10-da itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirdə elan olunacaq.
İndiyə qədər itkinlərin axtarışında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) iştirak və tərəflər arasında vasitəçilik edib. Rəsmi Bakı komitənin fəaliyyətindən narazıdır və onun Azərbaycandakı ofisini bağlamaq qərarına gəlib. Yeni beynəlxalq missiya bu prosesdə BQXK-nı əvəzləyəcək.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, hazırda Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 3 977 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə İkinci Qarabağ müharibəsində itkin düşüb.