
BAKI, 3 mart. TELEQRAF
Martın 3-də 25 ailədən ibarət 91 nəfər Ağdərə rayonunun Həsənriz kəndinə köçüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, ailələrə mənzillərin açarlarının təqdim edilməsi mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.
Ailələri qarşılayan Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma torpaqlarına mərhələli şəkildə köçürüləcək. Bu gün Ağdərənin Həsənriz kəndinə ilk köç həyata kecirilib.
Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Sonda kəndə köç edən ailələr mənzillərini təhvil alıb və öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, kənd elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib.
***
11:32
BAKI, 3 mart. TELEQRAF
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də daimi sakinlərini qəbul etməyə hazırdır.
Teleqraf xəbər verir ki, Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.