BAKI, 31 avqust. TELEQRAF

Ukraynada müharibənin dayandırılması perspektivinin olmaması fonunda Kreml Rusiya cəmiyyəti üzərində nəzarəti gücləndirir.

Teleqraf xəbər verir ki, bu barədə “Foreign Affairs” yazıb.

Nəşr bildirib ki, müharibənin başlamasından bəri Rusiyada əhali üçün tətbiq olunan məhdudiyyətlər mütəmadi olaraq sərtləşdirilir. Daha az nəzərə çarpan, amma heç də az əhəmiyyət kəsb etməyən məqam Rusiyanın daxili təhlükəsizlik doktrinasında kəskin dəyişiklikdir.

Kreml müharibə fonunda müxalifət nümayəndələrini və sıravi rusiyalıları nəzarətdə saxlamaq üçün daha aqressiv strategiyaya ehtiyac duyur. Xüsusilə son onilliklərdə əsas diqqətini terrorizmlə mübarizəyə yönəldən Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) hazırda “casuslarla mübarizə”yə daha çox fokuslanıb. Bütün bunlar isə ölkədə ümumi paranoya mühitinin yaranmasına gətirib çıxarır.

“Casus axtarışı və paranoya üzərində qurulan idarəetmənin ciddi nəticələri var. Dövlət qurumları və özəl müəssisələr FSB-nin repressiyalarından qorxduqları üçün dəqiq məlumatları gizlətməyə, qərar qəbul etməkdən yayınmağa və ümumilikdə sağqalma rejiminə keçməyə başlayıblar. Sıravi rusiyalılar və dövlət qulluqçuları arasında sosial nəzarətin və dövlətə xəyanət ittihamları ilə təqiblərin genişlənməsi hər yerdə inamsızlıq mühiti yaradıb və iflic vəziyyəti hissini gücləndirib”, - nəşr əlavə edib.

Rusiyada “casuslarla mübarizə” bəhanəsi ilə dövlət siyasətini, xüsusilə Qərblə kəskin qarşıdurmanı dəstəkləməyən insanlar həbs edilir. Müharibədən əvvəl Rusiyada hər il dövlətə xəyanətlə bağlı 10-15 cinayət işi açılırdısa, 2024-cü ildə onların sayı 361-ə, 2026-cı ilin ilk rübündə isə artıq 143-ə çatıb. Hesab edilir ki, bu yanaşma Kremlə siyasi nəzarəti gücləndirməyə imkan versə də, dövləti effektiv idarə etmək qabiliyyətini zəiflədir. Nəşrin fikrincə, istənilən ehtimal olunan siyasi təhlükənin “dövlətə xəyanət aktı” kimi qiymətləndirilməsi dövlətin hüquqi normalara deyil, FSB-nin qiymətləndirmələrinə əsaslanır. Rusiya elitası bu fonda Kreml rəhbərliyinin xoşuna gəlməyə biləcək məlumatları gizlədir. Nəticədə məmurlar problemlər böhran səviyyəsinə çatana qədər onlar barədə rəhbərliyə məlumat vermirlər.

“Foreign Affairs” yekunda bu nəticəyə gəlib:

“Bu gün Kreml üçün elitanın iflic olması riski realdır. Bu risk artıq ancaq tədqiqat və ekspert dairələrinə deyil, Moskvada və regionlarda yüksək vəzifəli məmurlara və sənaye rəhbərləri arasında da yayılır. Hakimiyyətdə qalmaq üçün (hətta ən avtoritar hökumətlərdə belə var) Rusiyanın real vəziyyətini anlamağa imkan verən əks-əlaqə mexanizmini məhv edən Putin rejimi ölkədə əslində nələrin baş verdiyini dərk etmək qabiliyyətini getdikcə itirir. Uzunmüddətli perspektivdə bu, Putini real siyasi böhran qarşısında daha çətin duruma sala bilər”.