BAKI, 9 iyul. TELEQRAF
Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması və süni intellekt həllərinin tətbiqi istiqamətində mühüm addımlar atılır.
Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkil etdiyi “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən müzakirələrdə deyib.
Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi rəqəmsal inkişaf strategiyası çərçivəsində Rəqəmsal İnkişaf Şurası yaradılıb və artıq ilk iclasını keçirib.
Onun sözlərinə görə, hazırda müxtəlif dövlət qurumlarının informasiya sistemlərinin vahid platformada inteqrasiyası həyata keçirilir ki, bu da dövlət xidmətlərinin daha səmərəli və proaktiv şəkildə göstərilməsinə imkan verəcək.
“Dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılıb. Yaxın gələcəkdə vətəndaşlar xidmətlərdən yalnız mətn deyil, səs vasitəsilə də istifadə edə, suallarını səsləndirərək cavab ala biləcəklər”.