BAKI, 9 iyul. TELEQRAF

"Azərbaycanda uşaqların rəqəmsal platformalarda zərərli təsirlərdən qorunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi üzrə mühüm addımlar atılır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov komissiya tərəfindən təşkil olunan “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən müzakirələrdə deyib.

O bildirib ki, kibertəhlükəsizlik artıq yalnız dövlət informasiya sistemlərinin, maliyyə infrastrukturunun və kritik obyektlərin qorunması ilə məhdudlaşmır: “İnformasiya təhlükəsizliyinin mühüm istiqamətlərindən biri də uşaqların onlayn mühitdə üzləşdiyi risklərin qarşısının alınmasıdır”.

Ramid Namazov qeyd edib ki, Azərbaycanda bir çox ailə bu risklər barədə kifayət qədər məlumatlı deyil və uşaqların onlayn fəaliyyəti manipulyativ alqoritmlər vasitəsilə müxtəlif təsirlərə məruz qala bilir:

“Sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda və yeniyetmələrdə sosial media asılılığı, psixoloji problemlər, depressiya və məlumat manipulyasiyası kimi ciddi fəsadlara səbəb olur”.

O deyib ki, sosial platformalar artıq sadə ünsiyyət vasitəsi deyil, alqoritmlərlə idarə olunan və bir çox hallarda manipulyativ dizayn həllərindən istifadə edən mürəkkəb ekosistemlərə çevrilib.

R.Namazov vurğulayıb ki, təkcə cari il ərzində "Google" uşaqların təhlükəsizliyi ilə bağlı 24,1 milyondan çox videonu silib: “Bu, kifayət qədər böyük rəqəmdir. Digər platformalar da oxşar statistikanı açıqlasalar, problemin miqyası daha aydın görünər”.