BAKI, 2 iyul. TELEQRAF

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Azay Quliyev və Tural Gəncəliyev təşkilatın 33-cü illik sessiyasında iştirak etmək üçün iyulun 3-də Niderland Krallığının Haaqa şəhərinə səfər edəcəklər.

Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qurumun sessiyasında “Beynəlxalq hüquq və ortaq prinsiplər: ATƏT məkanında təhlükəsizlik və əməkdaşlığın əsasları” mövzusunda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsi və Büronun iclasları, habelə qurumun Siyasi məsələlər və təhlükəsizlik üzrə, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə, Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitələrinin toplantıları keçiriləcək, müvafiq qərarlar qəbul olunacaq.

Milli Məclisin nümayəndə heyətinin üzvləri sessiya ərzində keçiriləcək tədbirlərə qatılacaq, müzakirəyə çıxarılan məsələlərə öz münasibətini bildirəcəklər.

Səfər iyulun 10-da başa çatacaq.