BAKI, 30 iyun. TELEQRAF
Vergi Məcəlləsində dəyişiklik edilməsi nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası zamanı müzakirə edilib.
Qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb.
Müzakirələr zamanı bildirilib ki, ƏDV-nin depozit hesabından DSMF-yə vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq və onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri- neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.