BAKI, 12 iyun. TELEQRAF

"2025-ci ilin dövlət büdcəsinin icrası cənab Prezidentin apardığı diplomatik fəaliyyətin uğurlu nəticəsi hesab edilən, dövlətimizin suverenlik və ərazi bütövlüyünün tam bərpası ilə başa çatan Zəfərin məntiqi davamı kimi dəyərləndirilən Vaşinqton razılaşmasının paraflanması, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, ölkədə dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatların davam etməsi ilə müşayiət edilmişdir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanununun layihəsindən bəhs edərkən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, Hesablama Palatası tərəfindən Milli Məclisdən daxil olmuş 2025-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə və onunla birgə təqdim olunan hesabata dair rəy hazırlanıb: "Rəy dövlət büdcəsinin icrası barədə illik hesabatın və müvafiq qanun layihəsinin təsdiq edilmiş göstəricilərə, mövcud qanunvericilik aktlarına, eləcə də ölkənin strateji sənədlərinə uyğunluğu, icra edilmiş dövlət büdcəsinin gəlirləri, xərcləri, dövlət borcu, büdcə kəsirinin göstəricilərinin düzgünlüyü və tamlığı barədə kənar dövlət maliyyə nəzarəti orqanının qiymətləndirici mövqeyini məhdud əminliklə ifadə edir.

Dövlət vəsaitinin daha rasional istifadə edilməsini təşkilatların ən ümdə vəzifəsinə çevirmək əsas hədəf hesab edilməlidir. Bu iş ötən ilin dövlət büdcəsinin icrasının və ümumiyyətlə, dövlətin maliyyə idarəetməsinin intizam fəlsəfəsi üzərində qurulmasına xidmət edir.

Bu məntiqdən çıxış edərək 2025-ci il həm də ölkənin son illərdə ən vacib strateji sənədi hesab edilən “Azərbaycan Respublikasında 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın dördüncü ilinin icrası üzrə hədəflərin reallaşdırılması, qəbul edilmiş bir sıra dövlət proqramlarının və strategiyaların icrasının bitməsi, həmçinin dövlət maliyyəsi müstəvisində “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”nin icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.
Rəyimizdə əks olunmuş əsas nəticələri qruplaşdırmaqla təqdim etmək istərdim.

2025-ci ildə ÜDM-in, o cümlədən neft-qaz və qeyri-neft qaz sahələri üzrə ÜDM-in proqnoz və fakt məbləğləri demək olar ki, üst-üstə düşüb. ÜDM məbləğinin proqnozdan kənarlaşmasına səbəb olan ənənəvi neft qiyməti amili hesabat ili üçün aktual olmayıb, bu göstərici üzrə proqnoz və fakt qiymətləri cüzi fərqlənib. Lakin 2025-ci ilin baza ssenarisi üzrə təqdim edilən proqnozları və icra parametrləri arasında müəyyən fərqlər müşahidə edilir.

2025-ci il ərzində dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar “Büdcə sistemi haqqında” Qanunun 18-ci və 20-ci maddələri ilə müəyyən edilmiş müddət və formalara, əsasən, uyğun (bəzi istiqamətlər istisna) təqdim olunmuş, tələb olunan məlumat və göstəricilər Qanun layihəsinə və illik hesabata daxil edilib.

Aparılmış təhlillər qanun layihəsində əks etdirilmiş dövlət büdcəsi gəlirlərinin və xərclərinin əsasən düzgün olduğunu deməyə əsas verib.
Öncə qeyd edim ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri müstəqilliyimizdən bəri ən yüksək həddinə çataraq 39,2 mlrd. manat təşkil edib. Gəlirlərin həcminin əhəmiyyətli artımı fonunda eynilə xərclər üzrə müşahidə edilən tarixi artım nəticəsində mütləq rəqəm 38,6 mlrd. manat olub. Lakin, xərclər üzrə son 10 ildə ən aşağı icra faizi məhz ötən il 93,2% nisbətində müşahidə edilib, proqnozla müqayisədə büdcə xərcləri 2803,0 mln.manat az icra edilib. Bu da digər fiskal intizam parametri olan büdcə balansına təsir edib. Nəticədə dövlət büdcəsində 3 mlrd. manatlıq proqnozlaşdırılan kəsir 580 mln. manatlıq profisitlə əvəz edilib”.

Vüqar gülməmmədov bildirib ki, icmal büdcədə də 2025-ci ildə profisit müşahidə edilib: "Bu göstərici müvafiq olaraq 3355,1 mln.manat və ya ÜDM-in 2,6% nisbətində olub. Profisitin yaranmasının mənbəyi dövlət büdcəsi ilə yanaşı Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsində yaranan büdcə artıqlığıdır. Beləliklə, müstəqillik tarixində ilk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib.

2025-ci ildə büdcə qaydasının əsas göstəriciləri icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6%, dövlət borcunun ÜDM-ə nisbəti isə 20,1% olmuşdur. Hər iki göstərici üzrə əldə edilən nəticə qoyulan hədəfə uyğundur. Burada bir məqam da qeyd edilməlidir . Qeyri-neft ÜDM-in yüksəlməsi qeyri-neft büdcə kəsirinin nisbətinin azalmasına səbəb olur. Eyni zamanda, əgər dövlət büdcəsinin xərcləri üzrə tam olaraq icra edilsəydi o halda icmal büdcə xərclərinin həcmi həmin nisbətdə böyüməli idi ki, bu da qeyri-neft büdcə kəsirinin nisbətinin dəyişməsinə səbəb ola bilərdi. Yəni xərclərin icra edilməməsi də sonda fiskal intizam normasına əməl edilməsinə səbəb olub.

Əvvəlki illə müqayisədə hesabat ilinin dövlət büdcəsinin gəlirlərinin tərkibində həm vergi gəlirləri üzrə, həm də qeyri-vergi gəlirləri üzrə artım müşahidə edilir. Belə ki, 2024-cü illə müqayisədə 2025-ci ildə vergi gəlirləri 1,5% artaraq 20457,0 mln. manat, qeyri-vergi gəlirləri isə 10,2% artaraq 18727,6 mln. manat təşkil edib. Lakin cəmi gəlirlərdə vergi gəlirlərinin payı azalaraq 52,2%-ə enmiş, qeyri-vergi gəlirlərinin payı isə artaraq 47,8%-ə yüksəlmişdir. Qeyd olunan dinamika qeyri-vergi gəlirlərinin artımında əsasən transfertlər və digər alternativ mənbələrin həlledici rol oynadığını göstərir.

Hesabat ilində icra edilmiş dövlət büdcəsi xərclərinin 6,6%-i büdcədən ayırmalar və transfertlərlə bağlı olub. Büdcədən transfertlər 2024-cü illə müqayisədə 8,9% azdır. Bu vəsaitlərin aylar üzrə təhlili proqnoz və icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir. Dövlət büdcəsindən transfertlərin əksinə olaraq, dövlət büdcəsinə transfertlər üzrə aylıq göstəricilərin proqnoz və icra göstəricilərində demək olar ki, kənarlaşma izlənməyib.

2018-ci ildən başlayaraq büdcədə neft sektorunun payında qismən azalma müşahidə edilib. Ötən il bu rəqəm 48,1%-ə enib. Daha bir göstərici Dövlət Neft Fondunun transfertinin DNF-nin gəlirlərinə nisbət göstəricisi 84,3% çatıb.

Ölkədə OMXÇ islahatının mövcud tempini nəzərə alsaq dövlət proqramlılığı institutunun 2021-ci ildə yaradılmış yeni formatının daha aktiv şəkil aldığını qeyd edə bilərik. Nəticədə qeyd edilən tarixdən cari dövrədək (son 5 ildə) bu “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirmə” sasında 15 dövlət proqramı həmçinin, 6 strategiya, 2 konsepsiya və 3 fəaliyyət planı, ümumilikdə 26 sənəd qəbul edilib.

2025-ci ildə istər bu qayda əsasında, istərsə də əvvəlki dövrlərdə qəbul edilmiş bir sıra dövlət proqramlarının icrası bitmişdir. İcrası bitən dövlət proqramı və digər strateji sənədlərin heç də hamısı haqqında büdcə zərfində məlumatlara rast gəlinməyib. Digər tərəfdən, proqramlarla bağlı təqdim edilən informasiya yalnız bir il üzrə maliyyələşdirmənin izahını özündə əks etdirir. Apardığımız hesablamalar dövlət büdcəsində proqramlılara 6,1 mlrd. manatdan çox vəsait yönəldiyini deməyə imkan verir.

Hesablama Palatası olaraq büdcə zərfində dövlət proqramları və digər strateji sənədlərin nəticəliliyi, o cümlədən maliyyə və qeyri-maliyyə göstəricilərinin geniş öz əksini tapmasını məqsədəuyğun hesab edirik.
Hesablama Palatası olaraq, fiskal risklərin icra prosesində reallaşmasına dair təhlil aparmışıq.
2025-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı büdcə sənədləşməsində əsas risklər kimi xam neftin qiymətinin dəyişməsi, dövlət borcu və zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunmaması və iqlim dəyişiklikləri şərh olunmuşdur. Bu risklərdən hesabat ilində neftin qiyməti və iqlim dəyişiklikləri aktual olmamış, dövlət borcu ilə bağlı isə tələbatın əsasən qısamüddətli istiqrazlarda cəmlənməsi ilə bağlı narahatlıq əsasən aradan qaldırılıb".

Vüqar Gülməmmədov deyib ki, sadalanan risklərlə yanaşı, Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsinin layihəsinə rəyində, eləcə də 2025-ci ilin altı ayı üzrə dərc etdiyi yarımillik məlumatda aktual hesab etdiyi əlavə fiskal riskləri, eləcə də diqqətdə saxlanmalı məqamları əks etdirib:

"Bu risklər üzrə mövcud vəziyyəti diqqətinizə çatdırıram:
- Xəzinədənkənar əməliyyatların artması –hüquqi aktlarda dəyişikliklərlə bu risk aradan qaldırılıb.
- Bəzi xərc istiqamətləri üzrə büdcə intizamının aşağı olmasının davam etməsi – hesabat ilində xərclər 93,2% olmaqla icra edilmişdir. Bu məqamla bağlı daha əvvəl məlumat verdim.
- Dövlət büdcəsinə vergi borclarının artması – hesabat ilində dövlət büdcəsinə olan vergi borcları 4,4% və ya 139,5 mln. manat artmışdır (3,3 mln. manat təşkil edib).
- Təminat Fonduna qaytarılması nəzərdə tutulan məbləğin aşağı icrası – 2025-ci il ərzində təkrar borc sazişləri üzrə proqnozun aşağı icrası bu mənbənin effektivliyində problemlərin mövcudluğunu göstərməkdədir.

Bu il ilk dəfə dövlət auditində rəqəmsal həllərin tətbiqi ilə vasitəsilə qanunvericilikdə müəyyən edilmiş hesabatların toplanmasına və müvafiq meyarlar əsasında qiymətləndirilməsinə çalışdıq. Bugünkü tarixə Hesablama Palatası tərəfindən 2025-ci ilin dövlət büdcəsinin icrasına dair Rəyin tərtib edilməsi zamanı 200-dən yuxarı təşkilatdan 1700-dən çox hesabat alınmışdır. Bu daha çox ola bilərdi. Lakin burda say önəmli deyil. Önəmli olan bəzi dövlət təşkilatlarında hesabatlılıq işinin yetərli səviyyədə olmamasıdır. Bunu əsasən rəqəmsal alətlərin natamam tətbiqi və peşəkar kadr potensialının qıtlığı kimi amillərlə bağlamaq olar.

Hesabatları vaxtında təqdim edənlərin sayı ümumi sayın 40%-i ətrafındadır. Nəzərə almaq lazımdır ki, hesabatı vaxtında təqdim edən təşkilatların hesabatlarında da natamamlıq, xətalara rast gəlinir. Bu hesabatların sayı da əhəmiyyətlidir. Hesabatların hazırlanmasına formal yanaşma onların analitik dəyərini də azaldır".

Palata sədri deyib ki, rəyə 25 halda tövsiyələrimizin icrası, eləcə də təsdiqini tapan şərhlərimiz barədə məlumatı, habelə 46 yeni tövsiyəni daxil etmişik: "Apardığımız araşdırmaların məntiqi nəticəsi kimi daha üç təklifimizi təqdim etmək istərdim.

Hesab edirik ki, xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sisteminin əhatəsinin optimallaşdırılması şəraitində gömrük orqanları xətti ilə büdcə gəlirlərinin yığımı proqnozunun illər üzrə artan yekunla müəyyənləşdirilməsi təcrübəsinə yenidən baxılmalıdır. Yəni, idxal yığımlarının timsalında fiskal yükü ölkəmizin gömrük sərhədlərində optimallaşdırmaqla vergi intizamına əməl edən rezidentlərimizin iqtisadi aktivliyinin daha da təşviqinə üstünlük verməliyik.

İdxalda ƏDV və gömrük rüsumları üzrə proqnoz göstəricilərin hesablanmasında milli iqtisadiyyatımızın əsas hədəfləri - yerli istehsalın və ölkədaxili iqtisadi aktivliyin stimullaşdırılması üçün güzəşt və azadolmaların genişləndirilməsi kimi konseptual yanaşmalar diqqət mərkəzində saxlanılmalıdır.
2025-ci ilin gömrük orqanları xətti ilə büdcə gəlirlərinin icrası, o cümlədən, ƏDV üzrə 5,4%-lik, idxal gömrük rüsumları üzrə 3,7%-lik kəsirlər səsləndirdiyim təklifə baxılma zərurətini bir daha göstərir.

“Büdcə sistemi haqqında Qanun” daha çox dövlət büdcəsi ilə bağlı ümumi prosedurları müəyyən edir. Ümumən dövlət sektorunun maliyyəsi və onun idarə edilməsi təfəkkürünü özündə tam ifadə etmir. Hesab edirik ki, dövlət sektorunun aktiv və öhdəliklərinin konsolidə edilmiş hesabatlılığı,
vergi stimullarının təhlili və onların büdcəyə təsiri, iqtisadiyyatın sahələrinin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi ilə bağlı məlumatların "Büdcə sistemi haqqında” Qanunda təsbit edilməsi, bəzilərinin büdcə sənədləşməsinə daxil edilməsi faydalı ola bilər.

Parafiskal ödənişləri (təkrar emal haqları, pullu yollar, üzvlük haqları və s.) toplayan təşkilatlar onlardan istifadə haqqında hesabat təqdim etməlidirlər. Dövlət qurumları bu vəsaitlərin səmərəliliyini təhlil və mümkün büdcənin yenidən bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edə bilər.
Bu dəyişikliklər bir tərəfdən hesabatlılıq və şəffaflığı, digər tərəfdən isə büdcədə proqnozlaşdırılma institutunun etibarlılığını artırmış olardı.

Qeyd olunan araşdırmaların və təhlillərin nəticələrini ümumiləşdirərək, Hesablama Palatası belə qənaətə gəlir ki, Milli Məclisinə təqdim edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi və Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanmış və təqdim olunub”.