BAKI, 24 avqust. TELEQRAF
“Tramp marşrutu”nun (TRIPP) Ermənistanın cənubunda – İranla sərhədi boyunca, Araz çayının sahilindən keçməsi və sovet dövründə mövcud olmuş dəmir yolu xətti üzrə salınması planlaşdırılıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu marşrutla Şərqdən Qərbə böyük həcmdə yükdaşımalar həyata keçiriləcək və həmin yüklər TRIPP-in tərkibindəki Nrnadzor-Ağarak dəmir yolu ilə daşınacaq.
Paşinyan qeyd edib ki, yüklər Ağarakdan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına daxil olduqdan sonra Ermənistan üçün mühüm bir məsələ ortaya çıxır:
“Sovet dövründə Naxçıvandan gələn dəmir yolu Ermənistan ərazisinə Yerasx vasitəsilə daxil olur, ardınca Axurik yaşayış məntəqəsinə qədər uzanır və oradan Türkiyəyə keçirdi.
Hazırda TRIPP-ə böyük maraq göstərən beynəlxalq investorlar Yerasx-Axurik dəmir yolu xəttindən yan keçməyin yollarını axtarırlar. Onlar yüklərin Nrnadzor-Ağarak dəmir yolu ilə Naxçıvana daxil olduqdan sonra Qərbə doğru hərəkətini Ermənistan dəmir yolu şəbəkəsindən istifadə etmədən davam etdirəcək sxemlər üzərində düşünürlər. Bu, bizim üçün böyük problemdir. Çünki belə bir ssenaridə Ermənistan böyük gəlirləri, investisiyaları, potensial iş yerlərini və inkişaf imkanlarını itirir”.
Onun sözlərinə görə, investorların, yükdaşıyıcıların, eləcə də məhsul satıcıları və alıcılarının Yerasx–Axurik dəmir yolundan yayınmaq istəməsinin sadə səbəbi var: bu dəmir yolu Ermənistanın tam mülkiyyətində olsa da, “Rusiya Dəmir Yolları”nın idarəçiliyi altındadır.
Paşinyan qeyd edib ki, Rusiya ilə Qərb arasındakı mürəkkəb münasibətlər və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar beynəlxalq investorları, yükdaşıyıcıları və ticarət iştirakçılarını bu infrastrukturdan istifadə etməkdən çəkindirir:
“Onlar birbaşa və ya dolayı sanksiya məhdudiyyətləri ilə üzləşmək və ya belə risk daşıyan infrastruktura qoşulmaq istəmirlər. Xüsusilə nəzərə alsaq ki, TRIPP vasitəsilə yükdaşımaların ən böyük müştəriləri Rusiyaya qarşı sanksiyalar tətbiq etmiş ölkələr olacaq”.
Baş nazir vurğulayıb ki, Ermənistanın Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla heç bir əlaqəsi və bu məsələyə təsiri yoxdur.
O əlavə edib ki, Ermənistan üçün ölkənin dəmir yolunun “Rusiya Dəmir Yolları”nın idarəçiliyində olması da indiyədək problem olmayıb:
“Bir daha vurğulamaq istəyirəm ki, dəmir yolu Ermənistanın mülkiyyətidir və sadəcə Rusiya Dəmir Yollarının idarəçiliyi altındadır. Bizim bu faktla bağlı heç bir problemimiz yoxdur və bu məsələyə heç vaxt xüsusi şəkildə toxunmamışıq. Ermənistan Rusiyaya və onun maraqlarına böyük hörmətlə yanaşır. Amma Ermənistan dəmir yolunun Rusiyanın idarəçiliyində olması səbəbindən ölkə hazırda Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək kimi tarixi fürsəti itirmək təhlükəsi ilə üz-üzədir.
Biz bu tarixi fürsəti itirməyə imkan verə bilmərik. Məhz buna görə Rusiya Federasiyasındakı tərəfdaşlarımızdan çeviklik nümayiş etdirmələrini və konsessiya hüququnu Ermənistan və Rusiya üçün məqbul olan üçüncü bir ölkəyə satmalarını xahiş edirik”.