BAKI, 24 avqust. TELEQRAF
“Bu yaxınlarda İsrail hökuməti (qondarma) erməni soyqırımının tanınması prosesinə son dərəcə qətiyyətlə başladı, daha sonra isə eyni qətiyyətlə bu prosesi dayandırdı”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İsraildə “erməni soyqırımı”nın tanıması ilə bağlı müzakirələrdən danışarkən deyib.
Baş nazir zaman-zaman bəzi ölkələrin öz məqsədləri naminə bu məsələdən silah və ya alət kimi istifadə etməyə çalışdıqlarını bildirib.
“Erməni soyqırımının siyasi məqsədlər üçün silaha çevrilməsi prosesinə son qoymaq lazımdır”, - Paşinyan qeyd edib.
Ermənistanın Baş naziri həmçinin hökumətin xarici siyasət gündəliyində “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını təşviq etməkdən imtina etdiyini də vurğulayıb.