BAKI, 10 iyun. TELEQRAF
"İran Parlamentinin üzvü Əbülfəzl Zöhrəvənd bu günlərdə verdiyi açıqlama ilə İranla Azərbaycan arasındakı münasibətə çox böyük bir gərginlik salmaq istəyib. O, Azərbaycanı hədələyib, təxribatçı sözlər işlədib. Bu cür yanaşma dost, qardaş ölkənin qanunverici hakimiyyətinin nümayəndəsinə yaraşmır".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, bu cür fikirlər iki dost ölkə arasında olan münasibətləri korlamağa, onları başqa səmtə yönəltməyə çalışır:
“Mümkündür ki, Azərbaycanla İran arasında olan dostluq, qardaşlıq, mehriban qonşuluq münasibəti müəyyən qüvvələrin xoşuna gəlmir və onlar bunu korlamağa cəhd edirlər. İranlı parlamentari o rolu öz üzərinə götürməyə çalışıbdır. O unudur ki, Azərbaycan və İran həmişə yaxşı münasibətdə olublar. Azərbaycan həmişə İranın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşıb. Azərbaycan heç bir zaman öz ərazisindən və resurslarından İrana qarşı istifadə edilməsinin tərəfdarı olmayıb. İranla bağlı son hadisələrdə də ölkəmiz istənilən problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olubdur. İrana ilk humanitar göndərən ölkə olub. Azərbaycan vasitəsilə digər ölkələr də humanitar yardım göstəriblər”.
Deputat bildirib ki, məhz bu ağır günlərdə İrandan 100-dən çox ölkənin 3000-dən çox vətəndaşının Azərbaycana təxliyə edilməsini təşkil edib:
“Belə bir şəraitdə iranlı deputatın Azərbaycanı hədələməsi yolverilməzdir. Bu məsələ hesab edirəm ki, İran dövlət və hakimiyyət orqanları tərəfindən münasibət bildirilməlidir. Belə hərəkətlərin yolverilməzliyinə ona fikir bildirilməlidir.
Azərbaycan parlamentində, Azərbaycan ictimaiyyətində həmişə İranla dostluq, qardaşlıq fikirləri səsləndirilib və bu xətt dövlətçiliyimizin əsas prinsiplərindən biridir. Və münasibətlərimizin bu gün yüksək səviyyədə olduğu bir vaxtda bir parlamentarinin Azərbaycan əleyhinə danışması qətiyyən yolverilməzdir. Bunu pisləyirik və hesab edirik ki, bu məsələyə İranın özündə ən kəskin qiymət verilməlidir”.