BAKI, 9 iyun. TELEQRAF

"Xaricdən cəlb edilən kreditlər üzrə isə 334 milyon manatlıq qənaət yaranıb. Əsaslı xərclərdəki qənaətin böyük hissəsi məhz bununla bağlıdır".

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir izah edib ki, bu vəziyyət beynəlxalq maliyyə institutlarının prosedur qaydaları və onların maliyyələşdirdiyi layihələrin icrasının dövlət büdcəsi hesabına maliyyələşən layihələrlə müqayisədə daha uzun müddət tələb etməsi ilə əlaqədardır:

“Biz həmin layihələrin maliyyələşməsində məhdudiyyət yaranmaması üçün büdcədə daha yüksək həcmdə vəsait nəzərdə tuturuq. Əks halda, vəsait çatışmazlığı yaranarsa, büdcəyə yenidən dəyişiklik edilməsi üçün parlamentə müraciət etmək lazım gələr. Bu səbəbdən il ərzində təxminən 1 milyard manat vəsait ehtiyat kimi nəzərdə tutulmuşdu. Faktiki olaraq isə həmin istiqamətdə 334 milyon manatlıq aşağı icra qeydə alınıb”.

S.Babayev əlavə edib ki, bundan əlavə, digər cari xərclər üzrə də müəyyən qənaətlər formalaşıb: "Dövlət borcuna xidmət xərcləri üzrə isə təxminən 300 milyon manat qənaət əldə olunub.

“Bu qənaətin əsas səbəbləri bahalı borcların restrukturizasiyası, dövlət borclanmasının və xəzinədarlıq əməliyyatlarının aylıq bölgüsünə yenidən baxılması, vəsaitlərin daha səmərəli idarə olunması və sərbəst vəsaitlərin investisiya edilməsidir. Bunun nəticəsində əlavə gəlirlər yaranıb və bəzi borclanmaların daha gec həyata keçirilməsi mümkün olub.

Bütün bunların nəticəsində dövlət borcuna xidmət xərcləri üzrə təxminən 300 milyon manat həcmində əlavə qənaət formalaşıb”.