BAKI, 12 may. TELEQRAF

"Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışı Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqların və xarici siyasət kursunun, ümumilikdə, Ulu Öndər Heydər Əliyevin idarəçilik dönəmindən başlanan dövlətçilik mübarizəmizin strateji manifesti kimi qiymətləndirilə bilər. Prezidentin verdiyi mesajlar məkan və zaman nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Zəngilan işğaldan azad edilmiş Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşir, deməli Zəngəzurun qərbi hissəsi də var və bu məkanın 1920-ci il noyabrın 30-da Ermənistana verilməsi tarixi faktdır. Başqa sözlə, erməni məsələsindən müxtəlif güclərin Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməsinin uzun tarixi var".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Rizvan Nəbiyev deyib.

O qeyd edib ki, 7 iyun parlament seçkilərinə saylı günlər qaldığından Prezidentin Zəngilandan verdiyi mesajlar xarici qüvvələrlə yanaşı, Ermənistanın bütün siyasi dairələrinə, ələlxüsus revanşistlərə xəbərdarlıqdır: "Çünki “faşist Qarabağ hərəkatı” tərəfdarlarının regionda təhlükəsizliyin pozulması üçün yenidən kimlərinsə siyasətində vasitəyə çevrilmək təhlükəsi qalır.

Prezidentin mesajı dövlətimizin real hərbi gücünün, praqmatik siyasətinin göstəricisidir və birmənalıdır: “Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Biz istəməsəydik, sülh olmayacaqdı”. Sülhü əldə etməyin Azərbaycan formulası Prezientin strateji baxışları əsasında belə formalaşdırıldı: Azərbaycan beynəlxalq hüquq əsasında ona məxsus olanı əldə etdi, dayandı, sülh və münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış etdi. Bu sülh təşəbbüslərinin memarı Prezident İlham Əliyevdir.

Azərbaycan regionda sabitləşdirici rol ilə çıxış edir, təhdidləri neytrallaşdıran, əməkdaşlığın yer aldığı sülh gündəliyi təklif edir. Yeni status- kvo üzərindən təklif edilən əməkdaşlıq çoxsaylı tərəfdaş dövlətlər tərəfindən dəyərləndirilir. Bu ilin 4 ayında Prezidentlə dialoq üçün Azərbaycana edilən çoxsaylı yüksək səviyyəli səfərlər də bunu sübut edir.

Amma, Afrika və Yaxın Şərqdə təsir imkanlarını itirən Fransa, daxildə ciddi nüfuz itkisi ilə üzləşən rəhbərliyi yeni geosiyasi aktivlik zonaları axtarışındadır, Cənubi Qafqaza nüfuz etməyə çalışır.

Ermənistan hökuməti isə ölkənin uzun müddət oynadığı forpost funksiyasını indi də Fransanın neokolonializm platforması olmaq siyasəti ilə əvəzləmək siyasəti yürüdür. Paris Ermənistanı müxtəlif güc mərkəzləri arasında qarşıdurmanın ön xəttinə yaxınlaşdırır. Fransa Prezidenti Cənubi Qafqazın “imperiyalar arasında rəqabət meydanına çevrilməməli olduğunu” bildirsə də, Ermənistanın hərbləşdirilməsi siyasətini aparır.

Müasir neokolonializmdə birbaşa hərbi mövcudluq əsas alət deyil. Əvəzində təhlükəsizlik alətləri, maliyyə mexanizmlər ilə asılılıq yaratmaq, siyasi elitanı təsir altında yönləndirmək əsas vasitələrə çevrilib. Həmçinin beynəlxalq institutlar vasitəsilə yönləndirmə də Fransanın Ermənistan siyasətində görünən elementlərdəndir".

Deputat bildirib ki, taleyüklü səhvlərə yola aça biləcək bu siyasətə Ermənistan parlamentinin sədri Alen Simonyanın "Deutsche Welle"-yə verdiyi müsahibdə yer alan məqamlar daha dəqiq cavabdır: "Onun “7 iyunda seçim sülh və müharibə”, “amorf Ermənistan” və “real Ermənistan” arasında olacaq fikirləri Ermənistanın yeni geosiyasi kursunun ziddiyyətli mahiyyətini aydın göstərir. Simonyan etiraf edir ki, Ermənistan uzun illər dövlət strategiyasını keçmişin mifoloji narrativləri üzərində qurub və səhvlərə yol verib, “100 il, 1000 il əvvəl Ermənistana aid olmuş torpaqlar” (əslində isə heç vaxt onlara aid olmamış) üzərindən formalaşdırılan ideologiya ölkəni inkişaf etdirmək əvəzinə onu təcrid edib və xarici güclərin manipulyasiya obyektinə çevirib.
Parlament sədri haqlı olaraq ehtiyat edir ki, bu davam edərsə “Ermənistan xəritədən silinə, quberniyaya çevrilə bilər.

Ona görə də, tarixdən dərs çıxarmaq, himayəçi axtarışını dayandırmaq və Azərbaycanın yaratdığı yeni siyasi reallıqlara uyğun siyasət aparmaq üçün hələ də vaxt və şans var.