BAKI, 12 may. TELEQRAF

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində anbarda baş verən yanğın "Kontakt Home"un anbarı olub.

Bu barədə Teleqraf-a "Kontakt Home"dan məlumat verilib.

Bildirilib ki, yanğınla əlaqədar olaraq sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələr ola bilər.

"Bu gün ölkənin bir çox böyük markalarının ortaq istifadə etdiyi anbar kompleksində yanğın hadisəsi baş verib. İşçilərin və hadisə yerindəki hər kəsin sağ-salamat olması bizim üçün ən böyük təsəllidir. Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Səbirsizliklə gözlədiyiniz məhsulları ən qısa zamanda sizə çatdırmaq üçün komandamız var gücü ilə, dayanmadan çalışır", - məlumatda qeyd olunub.

Yanğın zamanı "Birmarket"ə məxsus anbara da zərər dəyib. Bununla əlaqədar olaraq şirkət aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana biləcəyini açıqlayıb.

Qeyd edək ki, bu gün Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib. Havanın küləkli olmasına baxmayaraq, əraziyə cəlb olunan FHN qüvvələri tərəfindən yanğının daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Hazırkı vaxtadək helikopterlər 60 atış, 150 ton su istifadə edilib.

Yanğınsöndürmə işləri davam etdirilir.