BAKI, 13 mart. TELEQRAF

"Hörmətli Baş nazirin hökumətin hesabatına dair çıxışını dinlədik. Öncə görülən işlərə görə öz təşəkkürümü bildirirəm. Amma məndən öncə çıxış edən həmkarlarımın qaldırdığı problemləri həll etmək, xalqımızın rifahını yüksəltmək, təhlükəsizliyini təmin etmək üçün artan çağırışlara cavab verən güclü və sürətlə böyüyən iqtisadiyyata sahib olmalıyıq. Hamılıqla etiraf etməliyik ki, iqtisadiyyatımızn mövcud inkişaf tempi, adambaşına düşən ÜDM-in 1% artması bizi qane edə bilməz".

Teleqraf xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, çox təqdirəlayiq haldır ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə “Vergi sistemində gələcəyə baxış-yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda çıxışı zamanı iqtisadiyyatımızın durumunu düzgün qiymətləndirərək, “mövcud iqtisadi artım templəri ölkə iqtisadiyyatının real potensialını əks etdirmir və iqtisadi siyasətin əsas məqsədi yeni və daha dayanıqlı iqtisadi artım mənbələrinin formalaşdırılmasır” deyib: " Nazir bildirib ki, 2027-30-cu illəri əhatə edən tədbirlər planı hazırlanır.

Hörmətli hökumət üzvləri, böyük təbii sərvətlərə sahib Sovet İttifaqının iqtisadiyyatını beş illik planlar xilas edə bilmədi. Dünyada elə bir nümunə yoxdur ki, dövlət iqtisadiyyata nəzarət etsin və həmin ölkədə iqtisadi inkişaf olsun. İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı və azad bazar iqtisadiyyatına keçid təmin edilməlidir.

Konstitusiyanın 15-ci maddəsində deyilir ki, dövlət azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 59-cu maddə isə göstərilir ki, dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. 35-ci maddədə isə işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edilməsi dövlətin əsas vəzifələrindən biri kimi qeyd olunur.

Təəssüf ki, ölkəmizdə dövlət bizneslə məşğul olur, işsizliyin aradan qaldırılması üçün bütün mümkün imkanlardan istifadə edilmir. Bir nümunə göstərim. SOCAR 2.04 milyard dollara Türkiyədə Petkim zavodunu aldı və onun modernləşdirilməsi və genişləndirilməsi üçün əlavə 2 milyard dollar vəsait xərclədi, indi həmin 4 milyard investisiya yatırılmış müəssisə milyonlarla dollar ziyanla işləyir. Halbuki, həmin investisiya ölkə iqtisadiyyatına qoyulmalı, iş yerləri açılmalı idi. Milli Məclisə, ictimaiyyətə dövlət müəssisələrinin siyahısı və onların rentabelliyi barədə məlumat verilməli, bu rəqəmlər hökumətin hesabatına daxil edilməlidir”.

Millət vəkili əlavə edib ki, İranın raket zərbələri nəticəsində İsrailə iş dalınca gedib tikinti şirkətində çalışan iki gəncin ölüm xəbərini eşitdik: “Nə qədər iş dalınca Ukraynaya, Rusiyaya gedən gənclər müharibəyə cəlb olunub, həyatlarını itirirlər. Bakıda bu qədər istismar müddəti başa çatmış evlər, minimal standartlara cavab verməyən “gecəqondular”, qəzalı binalar olmasına baxmayaraq, tikinti şirkətləri tikintiyə icazə ala bilmədikləri üçün xarici ölkələrə gedir, mənzillərin qiyməti qalxır. Təkcə Özbəkistanda Azərbaycanlılara məxsus 43 tikinti şirkəti fəaliyyət göstərir.

2026-2028-ci illər rəqabətin inkişafı üçün Milli Fəaliyyət Proqramı hazırlanır. Bu proqram, plan hazırlamağı bir kənara qoyub iş görmək lazımdır. 2016-ci ildə iqtisadiyyatın inkişafına dair Strateji Yol Xəritəsi də qəbul olunmuşdu. Rəqabətin inkişafı üçün Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalıyıq. Qonşu ölkələrdən İran, Türkmənistan və biz Ümumdünya Ticarət Təşkilatın üzvü deyilik. Bu təşkilata üzv olan qonşularımız Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və Ermənistan üzv olmayan ölkələrdən daha yaxşı iqtisadi göstəricilərə sahibdir. Neft Fondunun vəsaitinin bir hissəsi yerli banklarda yerləşdirilməlidir ki, sahibkarların ucuz kreditlərə çıxışı olsun. Mülkiyyəti və biznesi qorumaq, ölkəyə iqtisadiyyatına investisiya yatırılmasını cəlbedici və təhlükəsiz etmək üçün kompleks iqtisadi islahatlar, o cümlədən məhkəmə-hüquq islahatları həyata keçirilməlidir. Yoxsa İqtisad Məhkəməsinin adının dəyişdirilib Kommersiya Məhkəməsi qoymaq məhkəmə islahatı deyil”.

Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, dövlət idarəetməsində ifrat mərkəzləşməyə son qoyub, böyük özəlləşdirməyə gedilməlidir: “Hesabat ilində 236 kiçik dövlət müəssisəsi 135.3 milyon manata özəlləşdirilib. Hər biri təqribən 500-600 min manata. Çox yaxşı, amma bəlli deyil hansı şərtlərlə özəlləşdirilib. Həmin müssisərdə iş yerləri qorunubmu, əlavə invesisiya qoyulacaqmı və s.

Toxunmaq istədiyim digər mühüm bir məsələ repetitorluğu aradan qaldırılmamasıdır. Orta təhsil pulsuz olsa da, hər gün Bakının küçələrində 10 minlərlə avtomobil şagirdələri bir müəllimdən digərinin yanınan daşıyır, valideyinlər sürücülərə və müəllimlərə pul ödəyir. Bu ailələr üçün ağır yükdür. Təəssüf ki, hökumət bu istiqamətdə heç bir addım atmır".