"Məlum olduğu kimi, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ savaşı dönəmində ermənilər Azərbaycan xalqına qarşı böyük vəhşilik - vandalizm aktları törədibllər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən törədilmişdi. Heç şübhəsiz ki, Xocalı faciəsi dünyada baş verən bir çox soyqırımı hadisələrindən öz qəddarlığı və amansızlığı ilə seçilir. Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaq".

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra soyqırıma hüquqi qiymət verildi, faciənin tanıdılması istiqamətində çox mühüm addımlar atıldı:

“Yeni soyqırımların baş verməsinin qarşısı qətiyyətlə alındı. Prezident Heydər Əliyevdən başqa heç kim Azərbaycanı düşdüyü vəziyyətdə xilas edə bilməzdi. Prezident İlham Əliyevdən başqa heç kim də Qarabağ zəfərini təmin edə bilməzdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sülh quruculuğu prosesini uğurla irəli aparır. Eyni zamanda xalqımızın başına gətirilən faciələrin unudulmaması üçün davamlı addımlar atır. Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə memorial komplekslərin inşası bunu bir daha təsdiq edir.

Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri məsuliyyət daşıyırlar. Onların bir qismi artıq cəzasını alıb, digər bir qismi da alacaq”.

Deputat bildirib ki, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı, ancaq əksinə oldu:
“Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, ermənilərin Xocalıda törətdiklərinin qisasını aldı, şanlı tarix yazdı. Burada bir reallıqdır ki, əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi onlar bu qədər törədə bilməzdilər. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarını azad edərək yeni bir reallıq yaratdı. Revanşizmə meylli olanlar anlamalıdırlar ki, bu gündən sonra da ən kiçik cəhdə Azərbaycan ən kəskin reaksiyanı verəcək.

Bu gün həm də təsəllimiz odur ki, bu cinayətləri törədənlər artıq həbs olunaraq layiqli cəzalarını alıblar”.