"Tarixin müxtəlif dövrlərində Azərbaycan qadını döyüşlərdə, müharibələrdə iştirak etmiş, qəhrəmanlıq göstərib. Eyni zamanda, hərb sənətində bir çox ilkə imza atıb. Birinci Qarabağ və Vətən Müharibəsi zamanı da qadınlarımız könüllü olaraq iştirak etmiş və igidliklər göstəriblər. Elə bu gün dəfn olunan 1-ci Qarabağ Müharibəsində şəhid olan, qalıqları 34 ildən sonra tapılan şəhid Mehriban Qarayevanı nümunə çəkə bilərik".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, hazırda qadınlarımız torpaqlarımızın minalardan təmizləməsində də iştirak edirlər: "Bütün bunlar bir daha göstərir ki, digər sahələrdə olduğu kimi, hərbi xidmət sahəsində də qadınlarımız öz layiqli töhfələrini verirlər. Əlbəttə ki, onlar üçün imkanların yaradılması vacibdir.
Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 aya qədər azadılması onların hərbi xidmətə uyğunlaşmasına kömək edəcək. Eyni zamanda, bu sahədə mövcud çətinliklərin aradan qaldırılmasına səbəb olacaq. Qanun layihəsini dəstəkləyirəm”.