BAKI, 20 fevral. TELEQRAF

"Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasında münasibətlər 2001-ci ildən qurulsa da, hazırda gərgin dövrünü yaşayır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, 2024-cü ilin yanvarında Azərbaycan AŞPA- ilə əməkdaşlığı dayandırıb. Lakin buna baxmayaraq, ölkəmizin Avropa Şurasının “İnsan orqanlarının alverinə qarşı Konvensiyasına” qoşulması önəmlidir:

"İlk növbədə ona görə ki, biz dövlət olaraq, insan hüquq və azadlıqların qorunması məsələsinə xüsusi həssaslıq göstəririk. Digər tərəfdən isə bu sənəd insan orqanlarının alverinin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir. 4 minə yaxın əsir və girov düşən vətəndaşlarımızın taleyi də bizi narahat edir. Onların arasında qadın və uşaqlar, ahil insanlar da var. Doğrudur, Azərbaycan bəyan edib ki, müəyyən şərtlərin yerinə yetirilməsinə qədər konvensiyanın müddəaları Ermənistana münasibətdə tətbiq edilməyəcəkdir. Lakin gələcəkdə bu konvensiyaya əsaslanaraq, soydaşlarımızın taleyi haqqında məlumatlar əldə edə bilərik”.