BAKI, 20 fevral. TELEQRAF
"Fevralın 17-də ICESCO-nun Baş qərargahında “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriyada təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Sənədə əsasən, Azərbaycan Suriyada təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisini və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmirini həyata keçirəcək".
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan bütün platformalarda missiyasını böyük uzaqgörənliklə həyata keçirir:
“Azərbaycan ilk gündən Suriyaya qardaş dəstəyini göstərdi, qaz ixracına başladı, infrastrukturun bərpasında iştiraka hazır olduğunu bəyan etdi.
Eyni mövqeni Azərbaycan qardaş Türkiyə də zəlzələ baş verərkən də nümayiş etdirdi. Bu qardaş ölkəyə tam dəstəyini ifadə edən ilk ölkələrdən biri oldu. Qəhrəman Maraş şəhərinin yenidən qurulmasında fəal iştirak etdi, burada ayrıca şəhərcik saldı.
Azərbaycan Fələstin məsələsində də hər zaman öz mövqeyi açıq ifadə edib, nümayəndəlik açıb, məktəb inşa edib. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində qarşısına Qəzzanın bərpası məqsədini qoyan “Sülh Şurasının” təsisçilərindən biridir.
Bütün bunlar eyni zamanda Azərbaycanın həm Türk dünyasının, həm də Müsəlman dünyasının birlik və həmrəyliyinə növbəti mühüm töhfəsidir.
İllər öncə Azərbaycan torpağı işğal olunan, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan ölkə idi. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan bütün bu təhlükələri dəf etdi.
Prezident İlham Əliyev bu siyasəti davam etdirərək torpaqlarımız azad etdi, Azərbaycanı torpağı işğal olunan dövlətdən müstəqil və suveren dövlətə çevirdi.
Bu gün isə Azərbaycan dünyada sülhün bərpasını qarşısına məqsəd qoymuş Sülh Şurasının təsisçilərindən biridir. Dünən Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün bütün dünya Azərbaycanın bu tarixi nailiyyətlərini heyranlıqla izləyir. Bütün bunlara Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində nail olub. Heç bir çirkin kompaniya, təxribat bu siyasətə xələl gətirə bilməz. Bunu hər kəs bilməlidir”.