BAKI, 20 fevral. TELEQRAF
"Fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak etməsi və ABŞ Prezidenti tərəfindən ölkəmiz ilə bağlı deyilən xoş sözlər Azərbaycanın regional gücünü və geo-siyasi mövqeyinin daha gücləndiyini bir daha təsdiq edir".
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, Sülh Şurası özündə eyni zamanda dünyanın aparıcı iqtisadi gücünü birləşdirir: “Bu sadəcə həmin şurada ABŞ-ın təmsil olunması deyil, həmçinin qurumun genişlənməsi ilə bağlıdır. Alıcılıq qabiliyyəti indeksi nəzərə alınmaqla Sülh Şurasına üzv olan dövlətlərin birgə ÜDM-lərinin həcmi 54.4 trilyon dollardır. Bu dünya iqtisadiyyatının üçdə biri deməkdir. Deməli, söhbət 50 trilyon dollardan artıq iqtisadiyyatı olan dövlətlərin iclasından gedir.
Azərbaycanın yüksək səviyyəli iclasa dəvət olunması ölkəmizə olan xüsusi diqqətin göstəricisidir. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Birləşmiş Ştatlar ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı müşahidə olunur. Qafqazda sülhə töhvə verməyə çalışan ABŞ ilə ikitərəfli əlaqələrimiz də inkişaf edir”.
Deputat bildirib ki, Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Yaxın Şərq dövlətləri ilə əlaqələri son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geo-siyasi mövqeyi daha da güclənməkdədir.
Münhen konfransından sonra Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada rəsmi səfərdədir. Azərbaycan Prezidentinin səfəri, Azərbaycanla Serbiya eləcə də, Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı iqtisadi-enerji əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq.
Daha sonra Sülh Şurasında təmsilçilik və Vaşinqtonda keçirilən ilk iclasda iştirak Azərbaycanın qlobal sülhün qorunmasında töhvə verən dövlətlərdən olmasından xəbər verir”.