BAKI, 17 fevral. TELEQRAF
Faydalı qazıntı yataqlarının yerləşdiyi torpaq sahələrinin əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması üçün rekultivasiyasına dair tələb müəyyənləşir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə “Yerin təki haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə olunması təklif edilən 13-1-ci maddəyə (Yerin təki sahələrinin rekultivasiyası) əsasən, yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidirlər. Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə də yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldə edildikdən sonra 3 (üç) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.
Yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraq rekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və istiqamətləri, o cümlədən müddəti müəyyənləşdirilir, istismarın dərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğun olaraq rekultivasiya planı tərtib olunacaq.
Rekultivasiya planı hazırlanarkən aşağıdakılar nəzərə alınacaq:
torpağın münbit qatının həcmi və götürüləcək torpağın toplandığı ərazi;
- faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;
- ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;
- süxurların saxlanılma dövründə öz xüsusiyyətlərini dəyişməsinin mümkünlüyü və ətraf mühitə təsiri;
- yeraltı suların çirklənməsinin yolverilməzliyi;
- faydalı qazıntıların istismarının müddəti;
- bərpanın üsulları və ardıcıllığı;
- bərpa müddəti.
Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.