BAKI, 19 noyabr. TELEQRAF
“OCOS” adlı beynəlxalq dələduzluq piramidasının qurbanı olan daha bir şəxs məhkəmədə qalib gəlsə də, ona ödənilməli olan vəsaiti ödəyəcək şəxslər hazırda həbsdədir.
Teleqraf xəbər verir ki, “OCOS” piramidasının Azərbaycandakı təşkilatçıları “İnsuccess” adı altında fəaliyyət göstərərək vətəndaşları aldadıblar. Şəbəkəyə qazanc əldə etmək ümidi ilə 5 min dollar yatırım edən zərərçəkmiş məhkəməyə müraciət edib və iddiası təmin olunub. Lakin qərarın icra olunması mümkün deyil, çünki vəsaiti qaytarmalı olan şəxslər barəsində cinayət işi üzrə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, “İnsuccess” şəbəkəsinin üzvləri- Gülara Abdullayeva, Xəyal Yaxyayev və digər şəxslər saxlanılıb. Onların kriptovalyuta vasitəsilə asan qazanc vədi verərək onlarla şəxsin vəsaitini ələ keçirdikləri müəyyən edilib.
Şəbəkə üzvləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı tutulublar. İş üzrə çoxsaylı zərərçəkmiş var. Aldadılan şəxslərin əksəriyyəti sosial şəbəkələr üzərindən kriptovalyuta ilə sürətli qazanc vəd edən təkliflərə cəlb olunublar.