BAKI, 14 noyabr. TELEQRAF
“Instagram” sosial şəbəkəsində ingilis dili müəllimini təhqir edən şəxs məhkəmə qərarı ilə cəzalandırılıb.
Teleqraf xəbər verir ki, “Everest EDU Xarici Dil Mərkəzi”nin müəllimi xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək onu təhqir edən şəxsin cəzalandırılmasını tələb edib.
Müəllim sosial şəbəkədə “Bizimlə 60 günə ingilis dili öyrənin” başlıqlı videomüraciətlə izləyicilərə səslənib. Həmin paylaşımın şərh bölməsində izləyicilərdən biri- Ramil Abdurrəhimov müəllimin ünvanına təhqiramiz ifadələr yazıb. O, 60 günə ingilis dilini öyrənməyin mümkün olmadığını bildirərək müəllimi alçaldıcı sözlərlə təhqir edib.
Müəllim bu şərhlərə görə Ramil Abdurrəhimovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, həmin şəxsin cəzalandırılmasını və 9 min 500 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb edib.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs bildirib ki, “Instagram” hesabı ona məxsus olsa da, uzun müddətdir aktiv istifadə etmirmiş. Onun sözlərinə görə, hesab başqa şəxslər tərəfindən ələ keçirilib və təhqiramiz şərhlər həmin şəxslər tərəfindən yazılıb.
Ramil Abdurrəhimov müəllimdən baş verənlərə görə üzr istəsə də, qarşı tərəf üzrü qəbul etməyib və məhkəmədən onun cəzalandırılmasını tələb edib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ramil Abdurrəhimov Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Məhkəmə həmçinin mənəvi zərərə görə 2 min manatın Ramil Abdurrəhimovdan tutularaq müəlliməyə ödənilməsi barədə qərar qəbul edib.