BAKI, 14 noyabr. TELEQRAF

Beyləqanda iki nəfərin ölümünə səbəb olan yol qəzası törədən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Teleqraf xəbər verir ki, hadisə Beyləqan rayonunun Aşqallar kəndi ərazisində baş verib.

Emin Həziyev idarə etdiyi “VAZ 21214 Urban” markalı avtomobillə Elmidar Qafarovun idarə etdiyi “QAZ 330210” markalı avtomobillə toqquşub.

Hadisə zamanı “VAZ 21214” markalı avtomobilin sürücüsü Emin Həziyev və onun oğluı Rəvan Həziyev həyatını itiriblər.

Qəzaya səbəb “QAZ 330210” markalı avtomobilin sürücüsü Elmidar Qafarov olub. O, yanacaqdoldurma məntəqəsinə daxil olarkən qarşıdan gələn avtomobilin yoluna çıxaraq toqquşmaya səbəb olub.

İstintaq zamanı mərhumların hüquqi varisləri ilə təqsirləndirilən şəxs arasında barışıq əldə edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinən Elmidar Qafarov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.