BAKI, 13 noyabr. TELEQRAF

Zərdab Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, Çallı Bələdiyyəsinin keçmiş sədri Əyyub Əzizov barəsində “TikTok” sosial şəbəkəsində çıxışlar edən şəxs məhkəmə tərəfindən cəzalandırılıb.

Teleqraf xəbər verir ki, Çallı kənd sakini Rəşad Cabbarov “TikTok” paylaşımlarında Əyyub Əzizovun kənd sakinlərinə məxsus 186 hektar torpaq sahəsini özünün və oğlanlarının adına rəsmiləşdirdiyini, icarə müqaviləsinin müddəti bitməsinə baxmayaraq torpaqları geri qaytarmadığını iddia edib.

Əyyub Əzizov bu çıxışları böhtan, şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Rəşad Cabbarov məhkəmədə bildirib ki, dedikləri həqiqətə uyğundur və kənd sakinləri də bu faktları təsdiqləyir. Dindirilmə zamanı şahid qismində ifadə verən kənd sakinləri Əyyub Əzizovun torpaq sahələrini qanunsuz zəbt etdiyini təsdiq ediblər.

Zərdab Rayon Məhkəməsi Rəşad Cabbarovun ifadələrini və şahidlərin dəlillərini təqsirləndirilən şəxsin özünü müdafiə mövqeyi kimi qiymətləndirib. Qərara əsasən Rəşad Cabbarov 280 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.

Maraqlıdır ki, sabiq icra başçısının müavini və keçmiş bələdiyyə sədri Əyyub Əzizov da Rəşad Cabbarovun səsləndirdiyi iddialarla bağlı məsuliyyətə cəlb olunub.

Belə ki, Əyyub Əzizov kənd sakini İlqar Bünyatovun torpaq sahəsində qanunsuz əkin işləri apardığı üçün məhkəmə qərarı ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Hökm 2024-cü ilin sentyabrında çıxarılıb və hazırda Əyyub Əzizov elektron qolbaqla nəzarətdə saxlanılır.