
BAKI, 10 iyun. TELEQRAF
Ali Məhkəmə vətəndaşların pulunu ələ keçirməkdə, külli miqdarda pulu leqalaşdırmaqda və digər cinayətlərdə ittiham olunan 1987-ci il təvəllüdlü Elvin Əliyev və onun 1989-cu ildə anadan olmuş qohumu Ənvər Əkbərovun cinayət işinə baxıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, onlar cinayəti törədərkən özlərini Azərbaycan ali dövlət orqanının vəzifəli şəxsləri kimi təqdim ediblər.
Elvin Əliyev Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işlədiyini bildirib. Zərərçəkmişə 2021-ci ilin dekabr ayında "Tvitter" sosial şəbəkəsində ali hakimiyyət orqanlarına işə düzəlməklə bağlı yazdığı müraciətinə baxıldığını, işlə təmin ediləcəyini, hətta birdəfəlik maddi yardım alacağını və tezliklə onunla əlaqə saxlanılacağını deyib. Beləliklə həmin şəxsin pulunu mənimsəyib.
İstintaq sənədlərində göstərilir ki, başqa bir şəxsə özünü Prezident Administrasiyasının məktublar şöbəsinin müdiri vəzifəsində, general rütbəsində işləyən “Vəliyev” soyadlı şəxs kimi təqdim edib. 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş şəxsin qəzalı vəziyyətə düşmüş Göylər kəndindəki evinin təmir olunması ilə bağlı aidiyyəti qurumlara ünvanlandığı müraciətlərinə baxıldığını, dəymiş ziyanla bağlı ona 5127 manat məbləğində birdəfəlik maddi yardım veriləcəyini, bunun üçün onun adına “portmanat” hesab nömrəsinin açılması və həmin hesab nömrəsinə 260 manat depozit formasında pul ödənilməsinin lazım olduğunu bildirib, onun 520 manatını alıb.
Təqsirləndirilən hər iki şəxs respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, 39 nəfərə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçiriblər. O cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırıblar.
Təqsirləndirilən şəxslər bəzi zərərçəkmişlərə özlərini general mayor və ya polkovnik rütbəsində vəzifəli şəxs kimi təqdim ediblər.
Cinayət işi üzrə Eldəniz Əkbərov, Məhəmməd İsayev, Ceyhun Həsənov, Fazilə İsgəndərova, Sənan Əhmədov, Rüstəm Bəkirov, Vüsal Əliyev, Həbib Qurbanov, Elmidar Həsənov, Vasif Sofiyev, Adil Nuriyev, Naib Əliyev, Elxan Allahquliyev, Yusif Ezayev, Emin Əzimzadə, Kain Xancalov, Qərənfil Yusibova, Vüsal Zeynalov, Ənvər Üzeyirov, Leyla Telmanzadə, Emil Rüstəmov, Ruslan Zeynalov, Azər Nağıyev, Ramiz Məmmədov, Minəxanım Zahidova, Zahir Cəfərli, Anar Ağamətov, Zülfüqar Səmədov, Firuzə İbrahimova, Ələsgər Nəsirov, Hamlet Xəlilov, Şəlalə Məmmədova, Fazil Tomayev, Elbrus Dövlətov, Bəxtiyar Hüseynov, Amil Hacıyev, İsrail Quluzadə, Elnur Cəfərov, Elsevər Babayev zərərçəkmiş qismində tanınınıb.
İstintaq orqanı tərəfindən Elvin Əliyevin barəsində Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq), 177.2.3-1 (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq törətmək), 29,177.2.2 (təkrar oğurluq törətməyə cəhd), 29, 177.2.3-1 (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq törətməyə cəhd), 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 29, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətməyə cəhd), 29, 178.2.2 (təkrar dələduzluq törətməyə cəhd), 193-1.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 193-1.2.2 (təkrar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə, Ənvər Əkbərov isə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 310, 193-1.2.1 və 193-1.2.2-ci maddələri ilə təqsirli biliniblər.
“Əmlak oğurlamamışam, dələduzluq etmişəm”
Elvin Əliyev məhkəmədə ifadəsində ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, oğurluq etməyib, heç bir leqallaşma aparmayıb: “Yalnız etibardan sui-istifadə etmişəm və vəzifəli şəxsin adından istifadə edərək zərərçəkmiş şəxsləri aldatmışam. Bundan sonra “Top.az” saytında oynamışam.
“Top.az”da oynayan vaxt uduş olduğu və olmadığı vaxtlar Ənvər Əkbərovun hesabına pul göndərə bilmişəm. Öz kartım üzərimdə olmayanda, yaxud kart zədəli olanda və ya başqa yerdə olanda pullar Ənvərin kartına göndərilib. Ənvər də pulu kartından çıxararaq mənə verib. Həmin epizodlardan 3-4-ü üst-üstə düşür.
Lakin heç bir leqallaşma etməmişəm, heç kimin əmlakını oğurlamamışam. Dələduzluq edərək birbaşa öz kartıma pul vurdurmuşam. Orada “portmanat”la yükləmə var. “Portmanat”ların da hamısında şəxsi qeydiyyatım var və bütün məlumatlar mənə məxsusdur.
Sadəcə vətəndaşa gedən smslər “portmanat”ın göndərdiyi smslərdir. Heç kimin adına hesab açıb oradan oğurluq etməmişəm. Sadəcə ayrı-ayrı adamları aldatmışam”.
“Özümü rütbəli şəxs kimi təqdim edirdim”
Elvin Əliyev bildirib ki, əvvəllər dələduzluq cinayətinə görə məsuliyyətə cəlb olunub və cəzasını çəkib: “Elan olunmuş epizodların hər birini qəbul edirəm. Bütün epizodlarda göstərilən məbləğdə pulu almışam.
Zərərçəkmiş şəxslərlə telefonla danışarkən özümü Prezident Administrasiyasının polkovniki Vəliyev kimi, yəni vəzifəli şəxs kimi təqdim etmişəm. Lakin həmin adı uydurmuşam. Prezident Administrasiyasında elə bir adam yoxdur. Zərərçəkənləri sosial şəbəkələrdə yazdıqları müraciətlərindən tapmışam”.
Elvin Əliyevin sözlərinə görə, təqsirləndirilən Ənvər Əkbərov onun həyat yoldaşının əmisidir: “Ənvərin bu işə heç bir aidiyyəti yoxdur. Mərc saytlarında oyun oynamışam, sonra həmin pul məbləğlərini Ənvərin kartına yönləndirmişəm. Kartdan alış-veriş etdiyim zaman keşbek qazanmışam. Pulları arada Ənvərin kartına göndərmişəm. Ənvər pulu çıxararaq mənə verib.
Bütün pul məbləğlər “Top.az” saytına yüklənib, mərc oyunlarında oynayandan sonra həmin məbləğ artıb-azalanda pulu Ənvərin hesabına köçürmüşəm. Bankomatlar özümə yaxın olanda, işim olmayanda pulu özüm çıxarmışam. Bəzilərini isə Ənvərə dedikdən sonra o, çıxarıb. Pulları mənə gətirdiyi üçün ona yol pulu vermişəm. Keşbeklər Ənvərə qalıb”.
“Tapşırdım ki, polkovnik Vəliyevin köməkçisi olduğunu desin”
Elvin Əliyevin ifadəsinə görə, Ənvər Əkbərov zərərçəkmiş şəxslərlə cəmi bir dəfə danışıb: “Kiminlə danışdığı yadımda deyil. Həmin vaxt telefona zəng gəldi. Telefonu Ənvərə verdim, tapşırdım ki, zəng vuran şəxsə polkovnik Vəliyevin köməkçisi olduğunu desin, bir azdan zəng etməsini məsləhət görsün. Ənvər mənə qohum olduğu üçün inanırdı”.
Təqsirləndirilən şəxs onu da qeyd edib ki, özü əvvəllər “AZAL”da tikintidə sahə rəisi işləyib.
Onun ifadəsinə görə, qazandığı pullar barədə vergi orqanlarına məlumat verməyib, əvvəlcə mərc oyunlarında oynayıb, sonra pulu çıxarıb: “Mərc oyunları ilə bağlı aparılan əməliyyatlardan vergi ödənilmədiyini hamı bilir. Vətəndaşlardan aldığım pulların çox hissəsini mərc oyunlarında uduzmuşam. Lakin dəqiq hansı hissəsini uduzduğumu xatırlamıram.
Həmin vaxt elektrik işləri ilə məşğul olmuşam. Bütün şəxslərə özümü vəzifəli şəxs kimi təqdim etmişəm, rütbəmi də polkovnik demişəm. Prezident Administrasiyasında polkovnik rütbəsində işləyən şəxsin olub-olmadığını bilmirəm”.
“Şikayətçiləri seçib danışırdım”
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, tviter mobil tətbiqinə login və parolsuz, feysbuk və instaqram tətbiqlərinə isə login və parolla daxil olub: “Orada Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin, Prezident Administrasiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər dövlət qurumlarının səhifələrində şərhlər bölməsində ünvanlı sosial yardım, aylıq və ya birdəfəlik sosial müavinət və digər maddi yardım ayrılması, təqaüd təyin edilməsi, işə düzəlmə, hüquqların pozulması və digər məsələlər barədə elektron formada ünvanlanmış müraciətləri tapmışam.
Müraciətlərdən uyğun olanları seçərək mətnləri ilə əvvəlcədən tanış olmuşam. Müraciətlərdə göstərilən mobil telefon nömrələrinə zəng edərək şikayətçilərlə danışıqlar aparmışam. Özümü Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində, polkovnik rütbəsində işləyən ya “Elmar Vəliyev” ad-soyadı, ya da “Vəliyev” soyadı ilə təqdim etmişəm.
Müraciətin mətnindən asılı olaraq vətəndaşla bir qədər oradan-burdan söhbət aparmışam, yəni vətəndaşın ailə vəziyyəti, üzvləri, həyat tərzi, maddi durumu, dolanışığı, harada işləməsi və digər bu kimi mövzularda ümumi söhbətlər eləmişəm. Həmsöhbətin etibarını qazandqıdan sonra əsas mətləbə keçərək ona ya müəyyən məbləğdə maddi yardım olunacağı, ya işə düzələcəyi, ya sosial yardım ayrılacağı, ya aylıq və ya birdəfəlik müavinət təyin ediləcəyi, ya da təqaüd təyin ediləcəyi barədə boş vədlər vermişəm.
Vətəndaş inandıqdan sonra isə maddi yardımı almaq üçün adına hesab açılmalı olduğunu, həmin hesaba köçəcək maddi yardımın məbləğinin 10 faizi və ya 5 faizi həcmində, hərdən isə özümdən uydurduğum məbləğdə pul vəsaitini depozit qismində ödəməli olduğunu, yalnız bundan sonra vəd olunan maddi yardım qismində ayrılan pul vəsaitini və üstündə də depozit qismində ödədiyi pul vəsaitini ala biləcəyini bildirmişəm”.
“Vətəndaşa belə başa salırdım”
Elvin Əliyevin sözlərinə görə, vətəndaş terminala yaxınlaşır və ona zəng vururmuş: “İzah etdiyim qaydada vətəndaş terminalda “elektron pul kisəsi” bölməsinə, oradan da “portmanat” yarımbölməsinə daxil olur, öz mobil nömrəsini daxil etməklə qeydiyyatdan keçir və açılan hesab nömrəsinə tələb etdiyim məbləği yükləyirdi.
Daha sonra tələbimlə vətəndaş telefonuna gələn məxfi şifrəni mənə bildirirdi. Bu vaxt “etopaz.az” idman mərc saytında özümə məxsus 23434439 nömrəli abunə hesabının "pul köçür” bölməsinə daxil olaraq vətəndaşın dediyi məxfi şifrədən istifadə etməklə depozit metodu yolu ilə vətəndaşa məxsus portmanat hesabda olan pul vəsaitini həmin “etopaz” abunə hesabımda olan balansıma köçürürdüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, dələduzluq yolu ilə pullarını ələ keçirdiyi 2-ci Qarabağ müharibəsi iştirakçılarının mobil telefon nömrələrini onların yaşadıqları kəndlərin, qəsəbələrin və şəhərlərin icra nümayəndələrindən və ya müavinlərindən öyrənib:
“Həmin şəxslərə də özümü vəzifəli şəxs kimi təqdim etmişəm. Onlar da həqiqətən vəzifəli şəxs olduğuma inanıblar və istədiyim məlumatları mənə bildiriblər.
Portmanat hesablardan öz “etopaz” abunə hesabıma köçürdüyüm pullarla futbol və digər idman oyunlarına mərc etmişəm, bəzən qazanmışam, bəzən də uduzmuşam. Mərc saytından qazandığım pulları bank kart hesabıma köçürmüşəm və Bakı şəhərində müxtəlif ərazilərdə, əsasən də Sabunçu rayonu ərazisində yerləşən ATM terminallarından nağdlaşdıraraq şəxsi ehtiyaclarıma sərf etmişəm”.
Digər təqsirləndirilən Ənvər Əkbərov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əliyev 8 il, Ənvər Əkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onların cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxslərin müdafiəçiləri apellyasiya şikayəti veriblər. Müdafiəçi müvəkkilinin barəsində olan Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 29,177.2.2, 29, 177.2.3-1, 193-1.2.1 və 193-1.2.2-ci maddələri ilə bəraət hökmü, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 29, 178.2.1, 29, 178.2.2, 310-cu maddəsi ilə azadlıqdan məhrum etməyən cəza təyin edilməsini xahiş edib.
Digər təqsirləndirilən Ənvər Əkbərovun müdafiəçisi də apelylasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunan əməllərin əsassız olduğunu, törədilən cinayətdə iştirak etmədiyi məhkəmə istintaqı ilə tam təsdiq olunduğundan cinayət işinin ona aid hissəsinin icraatına xitam verilməsini, azadlığa buraxılmasına dair qərar qəbul edilməsini xahiş edib.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxslərin müdafiəçiləri kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, təqsirləndirilən şəxslərin müdafiəçisi tərəfindən verilən şikayətlər təmin olunmayıb.