BAKI, 27 may. TELEQRAF
Sabirabad rayonunda 2004-cü il təvəllüdlü Ayaz yetkinlik yaşına çatmayan tanışının qızı Leyliyə (adlar şərti verilib – red.) təcavüz edib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Sabirabad rayon sakini Ayaz 12 yaşına çatmış, ancaq yaşı 14-dən aşağı olan Leyli ilə onun öz istəyi əsasında təkrar cinsi əlaqədə olub.
Ayaz 2022-ci ilin əvvəllərində Sabirabad şəhər sakini İradənin icarə əsasında işlətdiyi kafedə ofisiant işləyərkən onun qızı Leyli ilə tanış olub. Leylini onunla evlənəcəyinə inandırıb, 2024-cü ilin iyul ayının əvvəllərində ayrı-ayrı günlərdə 3 dəfə onunla cinsi əlaqədə olub.
Ayaz Leylinin Sabirabad rayonunun kəndində babasına məxsus evdə tək qaldığını öyrənib, həmin ünvana gəlib. Yataq otağında onun qızlıq pərdəsinin tamlığını pozub.
“Sevgi münasibətlərimiz yarandı”
İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində göstərib ki, Leyli ilə bir neçə il əvvəl onun anası İradənin kafesində ofisiant işləyən vaxtlarda tanış olub, sonra aralarında sevgi münasibətləri yaranıb, biri-biri ilə tez-tez əlaqə saxlayaraq görüşüblər: “Leylinin yaşını dəqiq bilməmişəm. Yalnız məktəbli omasından xəbərdarıydım.
Sonra hərbi xidmətə getdim. 2024-cü ilin aprel ayında hərbi xidmətdən qayıtdım, bundan sonra da Leyli ilə münasibətlərimi davam etdirdim”.
“Təbii yolla cinsi əlaqədə olduq”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2024-cü ilin iyul ayının əvvəllərində Leyli ona zəng edib, Sabirabad rayonunun kəndində babasının evində tək olduğunu bildirib: “Leyli mənimlə görüşmək istədiyini dedi. Onun kənddə yaşayan babası Abbasın evinə getdim. Evdə Leylidən başqa heç kim yox idi. Razılıqla evin yataq otağında bir dəfə təbii yolla cinsi əlaqədə olduq. Sonra paltarımı geyinib öz evimizə getdim.
Sonrakı günlərdə həmin evdə görüşsək də, Leyli ilə nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmamışam. Telefonla danışarkən Leyli anasının mənimlə evlənməyə razı olmadığını dedi, ona görə evdən birlikdə getmək qərarına gəldik”.
“Polisin bizi axtardığını dedi”
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 24-də səhər saatlarında Leyli ilə görüşüb və birlikdə Bakı şəhərinə gediblər:
“Qalmağa evimiz olmadığı üçün üç gün küçədə gecələdik. Bakıda olduğumuz vaxt Leyli ilə cinsi əlaqədə olmamışam. Leyli anası İradə ilə telefonla danışarkən Bakı şəhərində olduğumuzu dedi. İradə mənimlə telefonda danışdı, polisin bizi axtardığını dedi. Buna görə iyulun 27-də Leyli ilə birlikdə Bakı şəhərindən Sabirabada qayıtdıq.
İradə bizi polis şöbəsinə apardı. Şöbədə izahat verərək Leylini sevdiyimi və onunla evlənmək məqsədimin olduğunu, qızın öz razılığı ilə onunla bir dəfə cinsi əlaqədə olduğumu, birlikdə Bakı şəhərinə getdiyimizi bildirdim”.
“Əlaqəni kəsmədim”
İş üzrə təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verdiyi müəyyən edilib. O, ibtidai istintaqa ifadəsində göstərib ki, təxminən 2 il əvvəl İradənin Sabirabad şəhərində işlətdiyi kafedə ofsiant işləyərkən onun azyaşlı qızı Leyli ilə tanış olub:
“Daha sonra “TikTok” sosial şəbəkə vasitəsi ilə biri-birimizə yazdıq. Sonra mən hərbi xidmətə getsəm də, Leyli ilə əlaqəni kəsmədim. 2024-cü ilin aprelin 25-də hərbi xidmətdən qayıtdım. Leyli ilə münasibətlərimi davam etdirdim”.
Ayazın ifadəsinə görə, Leyli ilə 2024-cü ilin iyul ayının əvvəllərində “TikTok” sosial şəbəkə vasitəsilə yazışarkən Sabirabad rayonunun kəndində babasının evində tək olduğunu, onunla görüşmək istədiyini söyləyib: “Mən həmin evə getdim. Söhbət zamanı Leyli mənimlə cinsi əlaqədə olmaq istədiyini dedi. Leylinin bu istəyinə razılıq verdim. O, əynindəki paltarları çıxartdı. Evin yataq otağında təbii yolla cinsi əlaqədə olduq. Bu vaxt onun bakirəliyi pozuldu.
Sonrakı günlərdə də Leylinin babası evində onunla iki dəfə cinsi əlaqədə oldum. Öz istəyi ilə qeyri-təbii yollada cinsi əlaqədə olduq”.
“Sevirəm, şikayətim yoxdur”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Leyli bildirib ki, Ayazla üç dəfə cinsi əlaqədə olub: “Mənə qarşı heç bir fiziki zor tətbiq etməyib. Hazırda mənə qarşı olan əmələ münasibətdə Ayazla barışmışam, onu sevirəm və onunla evlənmək niyyətindəyəm. Baş verənlərlə bağlı mənim Ayaza qarşı heç bir şikayətim yoxdur”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində olan hökmün dəyişdirilməsini, onun əməlini Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası həddində aşağı həddə cəza verilməsini barədə qərar qəbul edilməsini xahiş edib.
Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Yuxarı instansiya məhkəməsinin hakimlərindən ibarət heyət şikayəti araşdırıb, sonda qərar elan edilib.
Qərara görə, şikayət əsassız hesab edilib və təmin edilməyib.