TBİLİSİ, 27 may. TELEQRAF

Ötən gün Tbilisidə tanınmış estrada müğənnisi Anri Coxadzenin Gürcüstanın Müstəqillik Gününə həsr olunan “Bu gün bizimdir” adlı solo konserti keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Böyük Konsert Zalında təşkil olunan konsert Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

Müğənni məşhur gürcü bəstəkarlarının şedevr mahnılarını ifa edib.

Konsertdə Gürcüstan və Rusiyanın Xalq artisti, məşhur müğənni Tamara Qverdsiteli, Oto Bazeraşvili, Maya Cabua və bir sıra digər tanınmış gürcü ifaçılar da iştirak ediblər. Səhnəyə Marneulidən olan ifaçı, “Xalxuri” xalq mahnıları müsabiqəsinin finalına yüksəlmiş Şaban Məmmədov da çıxıb. Soydaşımız Anri Coxadze ilə duetdə “Sakartvelo lamazo” (“Gözəl Gürcüstan”) mahnısını ifa edib. İfa alqışlarla qarşılanıb.

Konserti izləyənlər arasında Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze də olub. Tədbirin başa çatmasından sonra nazir A.Coxadze və konsert iştirakçıları ilə görüşüb, onları Müstəqillik Günü və uğurlu konsert münasibətilə təbrik edib.

Qeyd edək ki, A.Coxadze güclü səsi və artistik xarizması ilə Gürcüstan estradasının parlaq ulduzlarından biridir. O, 2012-ci ildə Bakıda keçirilmiş “Avroviziya” mahnı müsabiqəsində Gürcüstanı “I’m a Joker” mahnısı ilə təmsil edib.