BAKI, 29 iyun. TELEQRAF
Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd olunub.
Prezident vurğulayıb ki, Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu.
"Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək seviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı", - Dövlət başçısı bildirib.