TBİLİSİ, 1 oktyabr. TELEQRAF
Gürcüstanın İctimai kanalının “Ranina” uşaq müsabiqəsinin iştirakçısı Qabriel Bodaveli azərbaycanca mahnı ifa etməklə münsiflərin və tamaşaçıların böyük rəğbətini qazanıb. Şövkət Ələkbərovanın repertuarından olan “Tez gəl” mahnısı ona jüri üzvlərinin ən yüksək xallarını qazandırıb.
12 yaşlı gürcü uşağın çətin olan mahnını məharətlə təqdim etməsi Azərbaycanda da xoş qarşılanıb. Yaddaqalan ifa ilə bağlı bildirilən rəylərdə Qabrielin istedadına heyranlıqlar ifadə olunub, təşəkkürlər bildirilib.

Teleqrafı-ın yerli bürosunün əməkdaşı Qabriel Bodaveli və anası Şorena Çoloqauri ilə görüşüb, ifanın necə ərsəyə gəlməsi barədə maraqlanıb və onların təəssüratlarını öyrənib.
- Qabriel, öncə özün haqqında məlumat verməyini xahiş edirəm.
- 12 yaşım var. Tbilisidə Şota Şanidze adına İncəsənət Məktəbinin 7-ci sinif şagirdiyəm. “Erisioni” folklor ansamblının solistiyəm. Cüdo ilə də məşğul oluram. 2 bacım, 1 qardaşım var.
- Sənin üçün niyə məhz “Tez gəl” mahnısı seçildi?
- Mahnının seçimi “Ranina” müsabiqəsinin pedaqoqları - Manana Borçiladze, Nini Çaçava və Keti Cavaxişviliyə aiddir.
.jpg)
- Mahnıda muğam parçası da var. O hissəni öyrənmək sənin üçün çətin olmadı?
- Xeyr, çətin olmadı. Əksinə deyərdim ki, ən asan hissə oldu. Məşqlərdə 3 dəfə oxudum və öyrəndim.
Söhbətə Şorena xanım qoşulur.
- Məşqlər bir neçə dəfə keçirildi. Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva da məşqlərdə yaxından iştirak etdi. Ona təşəkkürümü bildirirəm.
Qabrielin xarici dilləri tez qavramaq bacarığı var. Buna görə Azərbaycan dilində mahnını çox tez öyrənə bildi. Başdan həyəcan keçirirdim ki, oğlum üçün ifanın öhdəsindən gəlmək çətin olacaq. Amma bacardı. Pedaqoqları deyirdilər ki, Qabriel elə bacarıqlıdır ki, bu mahnının öhdəsindən gələ biləcək.
Aşıq Nargilə Mehtiyevanın da Qabrielə dəstəyi və ifanın yaxşı alınmasına böyük köməyi oldu. Nargilə xanıma minnətdaram. Müsabiqənin pedaqoqları əllərindən gələni etdilər ki, ifa yüksək səviyyədə alınsın. Azərbaycandan ifaya müsbət rəylər bildirənlər çoxdur. Bu, bizə olduqca xoşdur. Onların hamısına təşəkkürümü bildirirəm.
.jpg)
Münsiflər heyətinin üzvləri də oğlumun ifasını bəyəndilər və təəccüblə qarşıladılar. Qabriel onların ən yüksək qiymətini aldı. Azərbaycan dilində tələffüzünə görə dedilər ki, sanki oğlum gürcü deyil, azərbaycanlıdır.
Bir çox dost-tanışlar, qohumlar zəng edib ifadan məmnunluqlarını bildiriblər. 12 yaşlı gürcü uşağın azərbaycanca mahnı ifa etməsinə heyran qalanlar çoxdur. Zənn edirlər ki, Qabriel mahnını uzun müddət ərzində mənimsəyib. Amma onlara oğlumun mahnını qısa vaxtda öyrəndiyini deməkdən çəkinirəm.
- Şorena xanım, “Tez gəl” mahnısı yeni deyil. Azı 60 ildən öncə yazılsa da, bu gün də sevilir. Musiqi müəllifi Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevdir. Mahnı haqqında ətraflı maraqlanmısınızmı?
- Təəssüflər ki, o qədər də məlumatım yoxdur. Amma bölüşdüyünüz məlumata görə çox sağ olun. Mahnı ilə mütləq ətraflı maraqlanacağam. Çünki artıq “Tez gəl” mahnısı bizə o qədər doğmalaşıb ki, tarixçəsini daha diqqətlə öyrənəcəyik.
- Qabriel, azərbaycanca ifanı dostların və müəllimlərin necə qarşıladı?
- Çox yaxşı qarşıladılar, çox bəyəndiklərini dedilər.
- Bu mahnıya qədər Azərbaycan dilində hər hansı bir söz bilirdinmi?
-Tək bildiyim söz “göz” sözü idi. Bu söz mahnıda var. Mənasını bilirdim.
- Mahnını hərdən bir zümzümə edirsənmi?
- Bəli, evdə zümzümə etdiyim vaxtlar olur.
.jpg)
- Bəs, Azərbaycan haqqında hansı məlumatlara maliksən? Bundan öncə Azərbaycan musiqisi və ya mahnısı dinləmisənmi?
- Bilirəm ki, Azərbaycan çox gözəl və abad ölkədir. Orada gözəl məscidlər var. Azərbaycan çox xoşuma gəlir.
“Tez gəl” mahnısı Azərbaycan musiqisi ilə ilk tanışlığımdır. Bu mahnı məni Azərbaycan musiqilərini dinləməyə, azərbaycanca yeni mahnılar ifa etməyə həvəsləndirəcək. “Tez gəl”i böyük həvəslə yenidən ifa edərəm.
- İncəsənət məktəbində təhsil alırsan. Gələcəkdə ifaçı olmağı arzulayırsan, yoxsa başqa peşəni seçəcəksən?
- Mən ifaçı, bəstəkar və dirijor olmağı arzulayıram. (barmaqlarında üç sayaraq)
- Şorena xanım, maraqlıdır, ailənizdə Azərbaycana münasibət necədir?
- Azərbaycan bizə yaxın və tanış ölkədir, Gürcüstanın qonşusu və dostudur. Təəssüflər olsun ki, bu günə qədər Azərbaycana səfər etməmişik. Amma böyük həvəs və məmnuniyyətlə Qabriellə birgə Azərbaycana gedib ölkə ilə daha yaxından tanış olmağı arzulayıram.
Oğlumun ifasını sevgi nəğməsi adlandırardım. Arzu edirəm ki, Qabrielin Azərbaycan mahnısı ifa etməsi ölkələrimiz və xalqlarımız arasında sevgini daha da artırsın və gücləndirsin.