TBİLİSİ, 22 may. TELEQRAF
“Sergey Paracanov “Aşıq Qərib” filmini Bakıda çəkən zaman ona Alim Qasımovun kasetini vermişdilər. Onları tanış da etmişdilər. Kaseti cibində saxlayırdı. Bakıda mehmanxanada qalanda kaseti dinləyirdi və gözləri yaşarırdı. Alim Qasımovun ifasına valeh idi, onun çox gözəl oxuduğunu deyirdi. Buna görə də “Aşıq Qərib” filmində Alim Qasımova yer vermək istədi”.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, “Aşıq Qərib” filminin (1988) musiqi müəllifi Cavanşir Quliyev Tbilisidə “Amirani” kinoteatrında ekran əsərinin nümayişindən sonra deyib.
.jpg)
Azərbaycanlı bəstəkarın erməni rejissora etirazı
Bəstəkarın sözlərinə görə, Alim Qasımovun ifasının filmdə yer almasına etiraz edib.
“Səbəbini belə izah etdim ki, Alim xanəndədir və muğam oxuyur. Film isə aşıq haqqındadır. Əgər mən Alimi bu filmdə muğam oxumağa məcbur etsəm, gərək Azərbaycanı tərk edim. Mənə deyərlər ki, sən ki, muğam və aşıq musiqisinin fərqini bilirsən, aşıq haqqında filmdə aşığa doğma olmayan musiqinin səslənməsinə necə yol vermisən? Paracanovun gözlərindən anladım ki, o, bu fərqi bilmirdi. Mənə xoş oldu ki, bu fərqi ona izah edə bildim, ona nəyisə öyrədə bildim (gülür). Alimlə əlaqə saxlayıb danışmağım üçün ondan vaxt istədim. Alimlə danışdım, razılaşdıq. Vəziyyətdən çıxış yolu tapdıq. Alim dediyim kimi muğam və aşıq musiqiləri arasında mahnılar ifa etdi”, - C.Quliyev söyləyib.

“Sən mənə musiqi yazacaqsan!”
C.Quliyev Paracanovun onu filmə bəstəkar kimi necə dəvət etməsini də xatırlayıb.
“Aşıq Qərib” filmi ilkin montaj olunmuşdu, səsləndirmə və musiqisi hələ yox idi. Məni onun yanına gətirib dedilər: “Sizin tanış olmaq istədiyiniz şəxsdir”. Paracanov barmağını mənə tərəf uzadıb dedi: “Sən mənə musiqi yazacaqsan!” Bu, mənə öncə bir az toxundu. Dedim ki, bəs məndən işləmək istəyib-istəməməyimi soruşmursuz? Əlbəttə, o, mənimlə zarafat etmişdi. Mənə dedi ki, materiala baxıb istəyəcəksən. Zalda materiala baxdıq. Çox yaxşı material idi. Zaldan çıxanda mənə yaxınlaşıb soruşdu. “Nə oldu? İşləyəcəksən?” Cavab verdim ki, böyük məmnuniyyətlə”, - bəstəkar deyib.
O bildirib ki, filmə musiqilərin hazırlanması üçün S.Paracanov iki həftə vaxt qoymuşdu:
“Mənə dedi ki, iki həftə vaxtım var. İki həftə sonra məni Tbilisidə musiqi ilə gözləyəcək. Bu müddət ərzində bədii filmə musiqi hazırlamaq necə olar? Film musiqi ilə başlayır, bütün film boyu musiqi səslənir. Mən bunun fiziki cəhətdən mümkün olmadığını bildirdim. O, anladığını dedi və əlavə etdi ki, kino incəsənətlə yanaşı, həm də istehsaldır. Müddətlər var. Filmi vaxtında təhvil verməliyik, əks halda bizə ödəniş etməyəcəklər. Çatdırmaq lazımdır”.
.jpg)
“Xahiş edirəm, məni söyməyin”
Film üçün musiqi qoyulan müddətdə hazırlanır və Cavanşir Quliyev Tbilisiyə yollanır.
“Paracanov məni kinostudiyanın direktorunun yanına apardı. Otağına daxil olduq. Paracanov ona dedi ki, bu "çatlax" mənim üçün musiqili film hazırlayıb. Ona söylədim ki, uşaqlıqda qonşularım erməni olub və bu sözün mənasını bilirəm. Xahiş edirəm, məni söyməyin (gülür). O, bu sözü mənə zövqündən nəvazişlə dediyini bildirdi... Filmin janrını dəyişdik. Ekran əsəri adi bədii filmdən musiqili filmə çevrildi... Paracanovun evində qalanda bir çox mövzular ətrafında söhbətlər edirdik. Yəqin ki, xoşbəxt adamam ki, Allah məni gənc yaşımda belə sənətkarla tanış olmağıma imkan yaratdı. Mən ondan çox şey öyrəndim. Tanrıya minnətdaram”.
Montajda mübahisə
Bəstəkar filmin montajı prosesində musiqi tərtibatı zamanı Paracanovla yaşanan gərgin mübahisələri də yada salıb.
“Montaj prosesində bir epizodla bağlı mübahisəmiz yarandı. Mən ona deyirdim ki, “Aşıq Qərib” dastanında həmin epizod başqa cürdür. Paracanov Lermontovun yazdığına əsasən çəkdiyini dedi. Soruşdum ki, bəs Lermontov bu barədə haradan öyrənib? Cavab verdi ki, ona Tbilisidə bazarda tatar xanım danışıb. Tbilisidə bazarda tatar xanım kim ola bilər? Ona dedim ki, gürcülər bizi indiyədək tatar adlandırırlar. Paracanov söylədi ki, mənim dediyimi qəbul edir, amma istədiyi kimi edəcək”, - C.Quliyev danışıb.
.jpg)
Azərbaycanca danışıq filmin bir elementi kimi saxlanıldı
Azərbaycanlı bəstəkarın sözlərinə görə, S.Paracanov Cənubi Qafqazın üç xalqı haqqında - “Suram qalası əfsanəsi”, “Nar rəngi” və “Aşıq Qərib” filmlərini çəkərək bu dövrəni tamamlayıb və bunu düşünərək edirdi:
“Paracanov həmin dövrdə baş verən hadisələrdən narahatlığını bildirirdi. O, bir dəfə mənə danışdı ki, XX əsrin əvvəllərində Tükiyədə baş verən hadisələr zamanı Martiros Saryan güllərin yer aldğı tablolar çəkirdi. Rəssamı buna görə tənqid edirdilər. O da belə cavab vermişdi: “Qan tökülməsi nə vaxtsa dayanacaq və o zaman insanlara çiçəklər lazım olacaq. Əsərlərimi həmin vaxt üçün çəkirəm”. Hesab edirəm ki, Paracanov da bu üç filmi insanlara çiçək lazım olacağı zaman üçün lentə alıb”.
.jpg)
C.Quliyev filmin Bakıda kinostudiyada səsləndirilməsi prosesində də iştirak etdiyini xatırlayıb:
“Paracanova dedim ki, rusca səsləndirmə Azərbaycan dilində danışıqlarla üst-üstə düşmür, rusca tərcümə gecikir. O dedi ki, tamaşaçıların azərbaycanca danışığı eşitməsini istəyir. Bu, filmin bir elementi idi”.
Qeyd edək ki, “Aşıq Qərib” filmi “Gürcüstan-film” kinostudiyasında istehsal edilib. Ekran əsəri Mixail Lermontovun yazıya aldığı eyniadlı Azərbaycan məhəbbət dastanına əsaslanıb, Rusiyanın Xalq artisti, rejissor və ssenarist Andrey Tarkovskiyə ithaf edilib. Film Ermənistanda çəkilməsindən səkkiz il, S.Paracanovun ölümündən isə altı il sonra - 1996-cı ildə nümayiş etdirilib. O zaman səbəbi ekran əsərinin Azərbaycanda lentə alındığı və Azərbaycan dilində olduğu ilə əlaqələndirilib.