TBİLİSİ, 30 sentyabr. TELEQRAF
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 140-cı ildönümünə həsr olunan “Üzeyir Hacıbəylinin yazdığı məktublar, Gürcüstan arxivindəki nadir fotosu” sərlövhəli araşdırmada verdiyimiz vədə əməl edib bu dəfə gürcü yazıçı İvane Qiqoşvilinin memuarı haqqında söz açacağıq.
Xatırladaq ki, 12 vərəqli dəftərdə gürcücə qələmə alınmış memuar Gürcüstanın İncəsənət Sarayının fondunda qorunub saxlanılır.
Teleqraf-ın yerli bürosunun əməkdaşı gürcü dostunun Üzeyir bəy haqqında yazdığı xatirələrin bəzi mühüm hissələrini təqdim edir.
.jpg)
Sətirlərdən məlum olur ki, xatirələr 1958-ci ildə dəftərə köçürülüb:
“Üzeyir Hacıbəyov Azərbaycan xalqının ləyaqətli oğludur. O, 1948-ci ilin noyabrın 23-də Bakıda vəfat edib. Bu xatirələrin qələmə alınması onun vəfatının onuncu ildönümünə təsadüf edir”.
Gürcü yazıçı Üzeyir bəyin ilk təhsilini Gürcüstanda almasını onlar üçün böyük şərəf olduğunu bildirib:
“Hacıbəyov Ağcabədidə kargüzarlıq işçisinin ailəsində anadan olub. Uşaqlıq illərini Şuşada keçirib. Şuşa görkəmli musiqiçi və ifaçıların vətəni hesab edilir. Atasının işi ilə əlaqədar Üzeyirin ailəsi Gürcüstana köçür. Balaca Üzeyir Qoridə məskunlaşır və müəllimlər seminariyasına daxil olur. Gürcüstan xalqına şərəfdir ki, qardaş Azərbaycan xalqının fəxri olan bu görkəmli insan ilk təhsilini məhz Gürcüstanda alıb. O, əsl xalq bəstəkarı idi”.
Qiqoşvili Hacıbəylinin bəstəkarlıq bacarıqlarını yüksək qiymətləndirib, “Leyli və Məcnun” operasının Azərbaycan xalqının qüruru olduğunu vurğulayıb:
“O, rus klassik musiqisini, qərbi Avropa bəstəkarlarının əsərlərini öyrənir və beləliklə, bəstəkarlıq bacarıqlarını təkmilləşdirirdi. İlk Azərbaycan operası olan “Leyli və Məcnun”u o yazıb. Əsər 1908-ci ildə Bakıda səhnəyə qoyulub. Bu, bizim üçün Zakariya Paliaşvili necə qürurdursa, Azərbaycan xalqının da qüruru idi.
Qeyd etmək lazımdır ki, Hacıbəyov, demək olar, bütün musiqi janrlarında eyni güc və ustalıqla əsərlər yazırdı, bu da onun böyük istedadının parlaq təsdiqi idi”.
.jpg)
Gürcü dramaturq Üzeyir bəyin iki əsərini gürcü dilinə tərcümə etdiyini xatırladır:
“Arşın mal alan” 1913-cü ildə yazılıb. Bu əsər zəngin melodikliyi ilə seçilir və bu səbəbdən Azərbaycanın sərhədlərini çoxdan aşıb.
Qeyd edim ki, “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərinin gürcü dilinə tərcüməsi şəxsən mənə məxsusdur və təbii ki, bəstəkarın digər gözəl əsərləri ilə yanaşı onlar həmişə mənim sevimli musiqi əsərlərim olub. Vurğulanmalıdır ki, əsərlərin librettolarının müəllifi də Hacıbəyov olub”.
.jpg)
Müəllif azərbaycanlı bəstəkarın publisist kimi fəaliyyətinə də toxunub, onun bütün qüvvəsi ilə Azərbaycan xalqına xidmət etdiyini vurğulayıb:
“Hacıbəyov ictimai xadim və publisist kimi istənilən ədalətsizliyə və insanlar arasında zülmkarlığa qarşı çıxırdı. O, insanlara azadlıq, sevgi və parlaq gələcək arzulayırdı. Bunlar onun əsərlərində aydın əks olunub. O, bütün qüvvəsi və enerjisi ilə doğma xalqına və vətəninə xidmət edirdi.
Vətən və xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, xatirəsi onun yaradıcılığı və yüksək musiqi qabiliyyəti ilə az da olsa tanış olan bütün insanların ürəyində əbədi yaşayacaq”.
Qeyd edək ki, İ.Qiqoşvilinin Ü.Hacıbəylidən bəhs edən memuarı ilk dəfədir üzə çıxarılıb.