BAKI, 11 mart. TELEQRAF

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXII turunun "Qarabağ" - "Sabah" matçında baş verən insidentlə bağlı qərar qəbul edib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, martın 1-də keçirilən qarşılaşmada rəqib ehtiyat skamyasına qarşı qeyri-etik jest edən "Sabah"ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəza alıb, paytaxt klubu isə bu hərəkətə görə 15 000 manat cərimə olunub.

Hadisələr zamanı kütləvi davada iştirak etdikləri müəyyən olunan "Qarabağ"ın məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağızadənin hər birinə 6 oyunluq texniki zonadan kənarlaşdırma cəzası verilib. Bu qayda pozuntuları ilə əlaqədar Ağdam təmsilçisi hər iki məşqçiyə görə ümumilikdə 12 000 manat cərimə edilib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi daha öncə keçirdiyi iclasda adıçəkilən oyunda baş verən insidenti araşdırmayaraq cəzalar tərtib etməmişdi. Yalnız Teleqraf-ın ictimailəşdirdiyi videogörüntüdən sonra Komitə yenidən iclas keçirərək hadisə iştirakçılarına cəzalar tərtib edib.