TBİLİSİ, 19 may. TELEQRAF
Ötən gün Gürcüstanın erməni icması Tbilisinin mərkəzində, Qorqasali meydanı ərazisində şair-aşıq Sayat Novaya həsr olunan ənənəvi “Vardaton” bayramı keçirib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, tədbirin konsert proqramında Gürcüstanda fəaliyyət göstərən erməni vokal-rəqs kollektivləri və solistləri çıxış ediblər.
Konsertdə xüsusi dəvət olunmuş Ermənistanın Dövlət Xalq Alətləri Orkestri də iştirak edib. Orkestrin təqdim etdiyi ilk musiqi nömrəsi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından “Deyirlər ki, toy olacaq. Bəs nə vədə, nə vədə toy olacaq?” hissəsi erməni musiqisi kimi təqdim olunub.
“Vardaton” festivalının 111-ci ildönümünə həsr olunan tədbiri “Gürcüstan ermənilərinin birliyi” qeyri-hökumət təşkilatı Tbilisi meriyası, şəhər şurası, Ermənistanın Mədəniyyət və İdman Nazirliyi, bu ölkənin Gürcüstandakı səfirliyi, erməni yeparxiyası, Petros Adamyan adına Tbilisi Dövlət erməni dram teatrının dəstəyi ilə təşkil edib. Tədbirdə Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Liya Giqauri, Tbilisi şəhər şurasının sədri Giorgi Tkemaladze, Gürcüstan parlamentinin Qafqaz və diasporla iş ürzə komitəsinin sədri İrakli Zarkua, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Vardaton” (ermənicədən tərcümədə “Qızılgül bayramı” deməkdir) bayramının əsası 1914-cü ilin mayın 15-də qoyulub. Gürcüstanın erməni icması hər il may ayının ortasında bu bayramla Sayat Novanın xatirəsini yad edir. Bayramın adətinə əsasən, iştirakçılar öncə aşığın Surb Gevorq erməni kilsəsinin həyətindəki məzarını ziyarət edərək üzərinə qızılgüllər düzürlər.