BAKI, 23 oktyabr. TELEQRAF

Son illərdə, xüsusən II Qarabağ müharibəsindən sonra Hindistan-Azərbaycan əlaqələrinin gərgin fazaya keçməsini müşahidə edirdik. Bu da onunla bağlı idi ki, Hindistan Azərbaycanın qələbələrini həzm edə bilmirdi və əlaqələrimizə Pakistan-Azərbaycan dostluğu üzərindən baxırdı. Bu da təbii ki, Ermənistanda müəyyən qısqanclıq yaradırdı. Nəticədə biz görürdük ki, Ermənistana dəstək verilir, silah-sursat təminatı həyata keçirilir. Bu da Azərbaycanı narahat edirdi. Eyni zamanda Azərbaycan rəhbərliyinin sərt reaksiyasına səbəb olurdu.

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

"Bu gərginlik get-gedə aradan qalxmaq üzrədir. Çünki birincisi, Azərbaycan Cənubi Qafqazda bütün reallıqları bütün dünya ictimaiyyətinə çatdıra bilib. Dünya dövlətləri bu reallıqları, yeni status-kvonu, Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Artıq Hindistan da görür ki, reallıqlarla uzlaşmalıdır. Digər tərəfdən iki ölkənin rəhbəri arasında sammitlər çərçivəsində ünsiyyət, danışıqlar yeni səhifənin açılmasına zəmin yaradır", - deputat bildirib.

Onun sözlərinə görə, yeni imkanlar üçün hər iki tərəfdən istək var: "Bunun üçün böyük potensial da var. İqtisadi investisiyalar, turizm axının genişləndirilməsi, energetika sahəsində əməkdaşlıq məsələlərini iki ölkə araşdırır ki, yeni səhifə üçün başlanğıc olsun".