BAKI, 24 aprel. TELEQRAF

Bu gün Kinorejissorlar Gildiyası və Prodüserlər Gildiyası üzvləri arasında görüş keçirilib.

Bu barədə Teleqraf-a Kinorejissorlar Gildiyasından məlumat verilib.

Bildirilib ki, görüşün məqsədi “Dövlət sifarişi ilə istehsal edilmiş və hal-hazırda istehsalatda olan filmlərin sifarişçisi, müəllifləri və istehsalçısı arasında hüquqi münasibətlərini tənzimləyən müqavilələrin müəlliflərin (yaradıcı insanların), istehsalçının (sahibkarın) inkişafına, sosial vəziyyətinə, hüquqların qanunauyğun təminatına və ümumən kinomuzun inkişafına təsiri” ilə bağlı fikir mübadiləsi aparmaq olub.

Görüş iştirakçıları sözügedən müqavilələr əsasında qurulmuş hüquqi münasibətlərin kinematoqrafiya, müəllif hüquqları və digər qanunvericilik aktlarda nəzərdə tutulan hüquqi münasibətlərə və konsepsiyada, proqramlarda qoyulmuş məqsədlərə, normalara uyğunluğunu, milli kino sənayesinin inkişafına müsbət və mənfi təsirini müzakirə ediblər və müvafiq tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər.