BAKI, 29 mart. TELEQRAF

"Atam Türkiyədə İstanbulda yerləşən Memorial xəstəxanasında müalicə olunurdu. O, xəstəxananın reanimasiya şöbəsində idi".

Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Rasim Balayevin oğlu Ülvi Balayev deyib.

"Atamın vəziyyəti qəflətən pisləşdi. Həkimlər ürək masajı etsələr də, onun həyatını xilas etmək mümkün olmadı",- deyə Ü.Balayev əlavə edib.

Qeyd edək ki, Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.

İlk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.

Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib.

1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.

1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Xalq artistinin nəşi bu gün gecə saatlarında Bakıya gətiriləcək.