BAKI, 25 fevral. TELEQRAF

Əməkdar artist Aybəniz Haşımova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aybəniz xanım, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olundunuz, təbrik edirik. Planlaşdırdığınız işlər, layihələr barədə məlumat verə bilərsinizmi?

- Xoş sözləriniz üçün təşəkkür edirəm. Mənə göstərilən sevgi və etimadın məsuliyyətini dərindən hiss edirəm. Bu vəzifə mənim üçün böyük şərəf olmaqla yanaşı, həm də ciddi öhdəlikdir. Düşünürəm ki, harada çalışmasından asılı olmayaraq, istər kiçik, istərsə də böyük bir kollektivdə, insan üçün əsas məsələ ona göstərilən etimada layiq olmaqdır. Mən də bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm.

İndiyədək bir müğənni kimi xalqımızın sevgisini hər zaman üzərimdə hiss etmişəm və bunu heç vaxt unutmamışam. Lakin etiraf edim ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən kollektivə təqdim olunanda çox həyəcan yaşadım. Çünki artıq mərkəzdə çalışan hər bir insan qarşısında məsuliyyət daşıyıram. Bu vəzifəyə təyin olunmağım izləyicilərim, tamaşaçılarım tərəfindən böyük sevgi və dəstəklə qarşılandı. Bu sevgi məni həm kövrəltdi, həm də daha çox çalışmağa ruhlandırdı.

Qarşıma məqsəd qoymuşam ki, gecə-gündüz çalışım, yorulmadan fəaliyyət göstərim və mərkəzin fəaliyyətini daha yüksək səviyyəyə qaldırım.

Burada çox peşəkar, təcrübəli bir kollektiv çalışır. Onlar məni daha çox müğənni kimi tanıyırlar. Mən isə istəyirəm ki, onlar məni rəhbər kimi yox, doğma insan kimi qəbul etsinlər. Bu, təyinatımdan sonra verdiyim ilk müsahibəmdir. Hətta cənab nazir Adil Kərimli təyinat aldığı ilk günlərdə mənə zəng edərək görüşmək istədiyini bildirdi və qeyd etdi ki, məqsədimiz birlikdə Azərbaycan mədəniyyətinə daha böyük töhfə verməkdir.

Məni Bakıya gətirən, təhsil almağıma şərait yaradan və dəyərli sənətkarları mənə müəllim kimi yönləndirən Ulu Öndər Heydər Əliyev olub. Həmin böyük şəxsiyyətin yaratdığı imkanlar və ətrafımda formalaşan güclü sənət mühiti məni yetişdirdi, bu günkü Aybənizi formalaşdırdı. Bu günə qədər necə çalışmışamsa, bundan sonra ikiqat əzmlə fəaliyyət göstərəcəm.

Bu mərkəz böyük sənətkarın – Abbas Mirzə Şərifzadənin adını daşıyır. O, incəsənətimizin təməl sütunlarından, teatr sənətimizin qurucularından biridir. Şərifzadənin taleyi nə qədər ağrılı olsa da, sənətə verdiyi töhfələr əvəzsizdir. Mənim həmişə teatra xüsusi sevgim olub. Çünki musiqi də əslində obraz, hiss və səhnə mədəniyyəti tələb edir. Bu baxımdan teatr sənətkarlarına və səhnə mədəniyyətinə dərin hörmətim var.

Şərifzadə Azərbaycan xalqının qəlbində Üzeyir Hacıbəyli qədər yaşayan dahi sənətkarlardandır. Onun adını daşıyan bir mərkəzin rəhbəri olmaq ikiqat məsuliyyətdir.

- Vəzifəyə təyin olunanda ilk təbriki kimdən aldınız?

- Təyinatımla bağlı ilk təbriklər mənim üçün çox duyğusal anlarla yadda qaldı. İlk olaraq Şövkət Ələkbərovanın gəlini mərkəzə gəldi. O simaca Şövkət xanıma çox bənzəyir, sanki qızıdır. Həmin an çox kövrəldim, sanki Şövkət xanım özü məni təbrik etməyə gəlmişdi.

Onun ardınca Xalq artisti Səidə Quliyeva gəldi. Onun gəlişi də mənim üçün xüsusi oldu. Bu sənətkarların diqqəti və dəstəyi mənə böyük mənəvi güc verdi. Şövkət Ələkbərovanın çox sevdiyim bir fikri var idi: “Məni sənətkar sayanda daha çox sevinirəm”. Sosial şəbəkələrin şərh bölümlərində də oxudum, görüm nə düşünürlər. Hər kəsin sevincini görmək məni həm qürurlandırdı, həm də məsuliyyətimi artırdı.

Düşünürəm ki, mərkəzdə təmir bitdikdən sonra bayram təşkil edim və sosial şəbəkələrdə anons edim ki, sevimli xalqım, gəlin, baxın, bu az müddətdə sizin sevincinizə layiq oldum, ya yox. Əsas məqsədim mərkəzi daha geniş miqyasda təmsil etməkdir. Mənə sual verilir ki, mərkəz harada yerləşir, biz bilmirdik ki, belə bir məkan var. Bu sualı eşidəndə çox pis oluram. Üzülürəm ki, A.M.Şərifzadənin adı verilən mərkəz çox məşhur olmalı idi. Məşhur da olacaq...

Hazırda bir az texniki işlərimiz var. Qarşıda bizi çox iş gözləyir, lakin əminəm ki, hər şey qısa zamanda öz axarına düşəcək. Mərkəzimizdə şahmat, rəssamlıq dərnəkləri, milli rəqslər, dünya xalqları rəqsləri, xanəndəlik və vokal sinifləri fəaliyyət göstərir. Bu istiqamətlərin hər birini daha da aktivləşdirmək, uşaqları və gəncləri daha geniş şəkildə cəlb etmək niyyətindəyik.

İstəyirəm ki, Azərbaycan tamaşaçısı, valideynlər və balalarımız bu məkana gəlsinlər, desinlər ki, ən peşəkar dərslər mərkəzdə keçirilir, biz buraya gəlməliyik.

- Mərkəzin fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün işçi heyətinin artırılması gözlənilirmi? Eyni zamanda hansı yeni sənət sahələri üzrə siniflərin və ya dərnəklərin yaradılması nəzərdə tutulur?

- Mərkəzin fəaliyyət sahələrində ciddi inkişaf gözlənilir. İşçi heyətimizi genişləndirəcəyik. Əvvəllər burada xanəndə vokal sinfi fəaliyyət göstərsə də, bir müddət dayandırılmışdı. Burada aktyorluq sinfi yox idi. Şərifzadə adına mərkəz ola, aktyorluq dərsi verməyək, bu, mümkün deyil. Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızını dəvət etmişəm. Xoreoqraf Məmməd Quliyevi mərkəzimizə dəvət etdim, artıq dərslərimiz başlayıb.

Mərkəzin nəzdində Xalq çalğı alətləri orkestri yaratdıq, bu gündən məşqlərə başlayacaqlar. Tarzən Rövşən Qurbanov da bizimlə çalışacaq. Mənə sənət yolumda dəstək olan bütün sənətkarları heç vaxt unutmuram, o cümlədən "Dan ulduzu" instrumental ansamblının rəhbəri Gülarə Əliyevanı... O, həyatımda sönməyən ulduzum, bədii rəhbərimdir. Həmçinin, artıq “Dan Ulduzu” instrumental ansamblını A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində bərpa etmək üzrə hazırlıqlar başlanıb. Ansamblın keçmiş üzvləri də bu işdə mənimlə birgə olacaqlar. Sənət Akademiyası da buraya köçürülüb. Akademiya tələbələrinin A.M.Şərifzadənin adı ilə burada dərslərdə iştirak etmələri onlar üçün də böyük fəxrdir.

Beləliklə, dahi sənətkarın adı altında yetişən yeni nəsil sənətkarlarımız üçün əlverişli mühit yaradılmış olur. Hazırda mərkəzimizdə təmir işləri aparılır. Yasamal Rayon İcra Hakimiyyəti də fəaliyyətimizi dəstəkləyir. Eyni zamanda, Mədəniyyət Nazirliyindən də dəstək alırıq. Biz hamımız əl-ələ verərək A.M.Şərifzadənin adını yaşatmaq üçün çalışırıq.



- Aybəniz xanım, son zamanlar qeyri-peşəkar ifaçıların sayı çoxalıb. Sizcə, bunun qarşısını almaq üçün nə etmək lazımdır?

- Səhnədə qeyri-peşəkarların sayının çoxalması heç kəsə sirr deyil. Hərdən deyirlər, bu barədə danışın, cavab verirəm ki, o, insanlar da bizim balalarımızdır. Onlar anlamırlarsa, dəstək olaq, onları öyrədək. Bir insan öyrənmək istəyirsə, niyə ona kömək etməyək?! Məsələn, mən düşünürəm ki, öz işimlə nümunə göstərsəm, fərq dərhal nəzərə çarpacaq.

Bu gün Azərbaycan incəsənətində istedadlı uşaqlar çoxdur, lakin onlara şərait yaradılmır. Sovet dövründə özfəaliyyət dərnəkləri vasitəsilə uşaqlar professionallığa hazırlanırdılar. İndi isə birbaşa professional səviyyəyə keçmək istəyənlər özfəaliyyətin faydasını görə bilmirlər. Əvvəllər özfəaliyyət dərnəklərində görkəmli sənətkarlar müəllim kimi dərs verirdi. İndi bu ənənə demək olar ki, sıradan çıxıb, şəxsən mən qarşılaşmıram.

Sizə deyim, mən xoşbəxtəm ki, Şövkət Ələkbərovanın səkkiz il tələbəsi olmuşam. Belə sənətkarlardan dərs almaq şansı hər kəsə nəsib olmur. Ondan öyrəndiklərimi gənc nəslə ötürmək mənə əlavə zövq verir.

- Aybəniz xanım, sizi qədər öz müəllimlərini sevgi və hörmətlə yad edən sənətkarlar çox deyil...

- Mənim yetişməyimdə Şövkət Ələkbərova, Arif Babayev və İslam Rzayevin əməyi böyükdür. İslam Rzayev mənə “Bayatı-kürd” muğamını öyrətdi. Arif Babayevlə Şövkət Ələkbərovadan isə bu sənətin sirlərini əxz elədim. Mən Arif Babayevin səhnədə sonuncu tərəf-müqabili, Leylisi olmuşam. Məktəbli vaxtımda Leylinin bütün partiyalarını mənə Arif Babayev öyrətmişdi.

Yaxın günlərdə konsert proqramı təşkil etdik və səhnədə Arif müəllimin səsi ilə duet ifa etdim. Konsertin rejissorluğu və ssenarisi mənə məxsus idi. Eləcə də konsertdə Üzeyir Hacıbəylinin və onun dühasından doğan bəstəkarların əsərlərini ifa etdik. Ona zəfər ruhunu da qatdıq.

Kulminasiyada “Leyli və Məcnun”dan sonra “Arşın mal alan”a keçirik. Bu səhnə insana xüsusi təsir edir. Ustadlarına, keçmişinə sədaqətdən danışarkən deyə bilərəm ki, bu, belə də olmalıdır. Bakıda bir ünvan var, o evdə yataqxanadan çıxdıqdan sonra kirayədə yaşamışam. Həmin evlə bağlı çox gözəl xatirələrim var. Bütün sevgi nəğmələrimin bir çoxunu o evdə hazırlamışam: “Nə gəlməz oldun”, “Sevgi bayatıları”, “Kim uduzdu, kim uddu”, “Bəs nə deyim məni sənsiz görəndə”, “Qəlbimdə qaldın”. O ünvan mənim sevgi ünvanımdır.

İnanırsınız ki, hətta indi də həftədə bir dəfə həmin evin yaxınlığından o pəncərəyə baxıb keçirəm. Bu xatirələr məni yaşadır. Deyirlər ki, keçmişə boylanmaq düzgün deyil, keçmiş keçmişdə qalmalıdı. Mənim keçmişimdə çox gözəl günlərim olubsa, onları necə unuda bilərəm? O pəncərə, o küçə məni yaşadır.

Evin sahibi Mənzər xala idi, çoxdan vəfat edib. Mən ifa edəndə o, ağlayır və deyirdi: “Sən körpəsən, niyə bu qədər kövrək oxuyursan?” Uşaq idim onda, anlaya bilmirdim ki, kövrək notlar ürəyimə necə dolmuşdu?! Sanki gələcəyimi öncədən görürdüm.



- Şəxsi həyat baxımından özünüzü xoşbəxt qadın hesab edirsinizmi?

- Uşaqlıqdan incəsənətlə böyümüşəm. Musiqi sənətinə Bakıda başladığım zaman artıq başa düşdüm ki, bütün istedadım xalqıma həsr olunmalıdır. Mənə o qədər sevgi və dəstək verdilər ki, bu xoşbəxtliyi kənarda axtarmağa vaxtım olmadı. Bəlkə də boşluq olsaydı, başqa cür düşünərdim. Amma xalq məni elə ağuşuna aldı, övladına çevrildim. Bakıda yataqxanada qalanda oradakılar mənə həm ana, həm bacı, həm də qardaş oldular. Bu sevgi mənim həyatımda daim var. Qadın başqa cür necə xoşbəxt ola bilər, bilmirəm...

- Ümumiyyətlə, həyatınızın hansı illərinə qayıtmaq istərdiniz və niyə?

- Qızım Aynişanın dünyaya gəldiyi günə qayıtmaq və orada qalmaq istərdim .

- Tələbələrinizə hər zaman qayğı ilə yanaşırsınız. Nə zamansa nankor çıxanlar oldumu?

- Hərdən bəziləri səhv edir. Bunu da onların gəncliyinə və səriştəsizliyinə bağışlayıram. Düşünürəm ki, bilmədən edirlər. Vaxt gələndə başa düşəcək və onda da utanacaq ki, kaş bu hərəkəti etməzdim. Mən buna inanıram, çünki mənim tələbələrim pis ola bilməzlər.

Bəzən biz böyük möcüzələr axtarır, yanımızda olan kiçik möcüzələrin fərqinə varmırıq. Onları itiririk. Amma xəbərimiz yoxdur ki, ömür qatarı elə sürətlə gedir ki, göz yaşımıza baxmadan, dayan deməyimizi eşitmir. Bu sürətli keçən ömür qatarından heç kim peşman olmasın.

- Həyatınızda peşmançılıq keçirdiyiniz anlar necə, olubmu?

- Peşman etmək istəyənlər olub. Amma mən onda da bir gözəllik axtarmışam. Məni peşman etmək istəyiblər. Həmin an əsəbləşmişəm. Sonra əlimi ürəyimin üzərinə qoyub demişəm ki, sakit ol, Aybəniz.

- Gözəlliyiniz səhnədə sizə problem yaşadıbmı?

- Xeyr, həmişə hamıdan hörmət, sevgi görmüşəm. Heç vaxt özümə qarşı pis niyyətlərlə qarşılaşmadım...

- Qızınız Aynişan Quliyeva ən tanınmış blogerlərimizdəndir. Müğənni kimi də fəaliyyətinə davam etməsini istərdinizmi?

- Yaxın günlərdə Aynişana dedim ki, musiqi ilə böyümüsən, gözəl səsin-avazın var. Çoxdandır məşq etmirsən, məşqlərə başlayaq. Azərbaycanın tanınmış blogerlərindən birisən. Sənin ifaçılığın da var, ikisini paralel şəkildə davam etdirsən, çox gözəl olar. Amma Aynişan bunun üzərində çox dayanmaq istəmir. Deyir, ürəyimdən keçən musiqi olanda ifa edərəm, bu, kifayətdir. Yalnız musiqi ilə məşğul olub blogerliyi atmaq istəmirəm.

Aynişan bu sahə üzrə təhsil alıb. Türkiyədə Bağçaşehir Universitetinin marketinq və ictimaiyyətlə əlaqələr fakültəsini bitirib. Magistr pilləsini də ən yüksək səviyyədə başa vurub. Çox gözəl ürəyi var. Həmişə deyirəm ki, o, atasının qızıdır. Məndən də hansısa xüsusiyyətləri götürüb, amma ən çox atasına çəkib. Atası çox mərd insan idi.



- Nə kimi arzularınız var?

- Arzularım çoxdur. A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinə direktor təyin edilənə qədər daxildə bir qədər tükənmişlik hissi var idi. Bu daha çox sağlamlığımla bağlı idi. Mərkəzə gələndən sonra isə sanki sağaldım. Heç yadıma da düşmür ki, səhhətimdə, ayaqlarımda problem var.

Arzum odur ki, Şərifzadə adına böyük bir akademiya yaradılsın, mən də bu komandamla oraya köçüm!