BAKI, 24 sentyabr. TELEQRAF

Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Milli Konservatoriyası ilə birgə “Türk irsi dünya səhnəsində” mövzusunda dəyirmi masa təşkil edib.

Teleqraf-ın məlumatına görə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, mədəni irsin qorunması, onun gələcək nəsillərə ötürülməsi, ümumtürk şüurunun formalaşması və müasir türk insanının dünyagörüşü vasitəsilə bu irsin inkişaf etdirilməsi fondun başlıca missiyasıdır.

"Mədəniyyət və mənəvi dəyərlər xalqlarımızı birləşdirən, qarşılıqlı anlaşmanı möhkəmləndirən və bizi işıqlı gələcəyə aparan əsas körpüdür.
Bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsi, mənəvi sərvətlərin inkişafı və zənginləşdirilməsi üçün birgə səylərin göstərilməsi son dərəcə vacibdir.

Bu təşəbbüslər yalnız mədəni ənənələrin və özünəməxsusluğun qorunmasına deyil, eyni zamanda elmi, təhsil və yaradıcılıq sahələrində geniş əməkdaşlıq imkanlarının açılmasına xidmət edir.

Belə layihələrdən biri də bugünkü “Türk irsi dünya səhnəsində” mövzusunda keçirilən dəyirmi masadır.

Tədbir 1925-ci ildə Parisdə keçirilən Müasir Dekorativ və Sənaye Sənətləri üzrə Ümumdünya Sərgisində türk xalqlarının görkəmli mədəniyyət xadimlərinin möhtəşəm çıxışlarının 100 illiyinə həsr olunub.

Məhz həmin sərgidə ilk dəfə olaraq türk dünyasının unikal mədəni irsi və ölkələrimizin peşəkar ifaçılıq məktəbləri dünya ictimaiyyətinə təqdim edilib.

Bu gün burada türk mədəni irsinin qəhrəmanlarının xatirəsini yad etmək üçün tanınmış mədəniyyət xadimləri və alimlər iştirak edirlər.
Onların adları dünya sivilizasiyasının tarixinə qızıl hərflərlə yazılıb", - deyə A. Raimkulova əlavə edib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə Türk Mədəniyyəti və İrsi Fondu ilə həyata keçirilən dəyirmi masanın əhəmiyyətindən danışıb: "Fond fəaliyyət dövründə həyata keçirdiyi layihələrlə Türk dünyasının inkişafına mühüm töhfələr verib".