​BAKI, 23 may. TELEQRAF

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 22 və 23 may 2025-ci il tarixlərində Bakı və Sumqayıt şəhərlərində musiqi və incəsənət məktəblərinin müəllimləri üçün maarifləndirici görüşlər keçirilib.

Teleqraf xəbər verir ki, ilk görüş 22 mayda Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin müəllimlərinin iştirakı ilə baş tutub. Növbəti gün – 23 may tarixində isə Sumqayıt şəhərindəki N.Nərimanov adına Mədəniyyət Mərkəzində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərin müəllimləri üçün görüş təşkil olunub.

Attestasiya proqramının daha geniş izah olunması və sualların cavablandırılması məqsədi daşıyan bu görüşlərdə ümumilikdə 600-ə yaxın müəllim iştirak edib. Tədbirlərdə tar, kamança, qarmon, nağara, qanun, saz, balaban və xanəndəlik ixtisasları üzrə dərs deyən müəllimlərə musiqi əsərlərinin təhlili, ifası, qammalar və digər tədris mövzularına dair ətraflı məlumat verilib.

Bundan əlavə, musiqi nəzəriyyəsi ixtisası üzrə nəzəri və təcrübi biliklər, musiqi ədəbiyyatı, üzdən oxu və dinləmə materiallarına dair vacib məqamlar müzakirə olunub, müəllimləri maraqlandıran suallar peşəkar mütəxəssislər tərəfindən cavablandırılıb.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi bildirir ki, bu cür maarifləndirici və metodiki dəstək xarakterli görüşlərin ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.