BAKI. 18 may. TELEQRAF

Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Yazıçılar Birliyi və Rumıniyanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə rumın şairi, Mihay Eminesku Akademiyasının prezidenti İon Deakoneskunun “Müsahibə” şeir kitabının təqdimatı baş tutub.

Teleqraf xəbər verir ki, tədbirdə rumın şairi İon Deakoneskuya "yüksək ədəbi nailiyyətləri"nə görə Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Məhəmməd Füzuli Medalı təqdim edilib.

Gecənin moderatorları şair Səlim Babullaoğlu və yazıçı, rumın ədəbiyyatı mütəxəssisi Jalə İsmayıl olub.

Səlim Babullaoğlu qeyd edib ki, Azərbaycan-Rumınıya ədəbi əlaqələri üçün əlamətdar bir gündür: "İon Deakoneskunun Azərbaycana münasibəti çox gözəldir. Dəfələrlə təşkil etdiyi festivallarda Azərbaycandan ədiblər iştirak ediblər.

İon Deakoneskuya "yüksək ədəbi nailiyyətləri"nə görə Məhəmməd Füzuli Medalını təqdim etdik. Bu hesab edirəm ki, Azərbaycan və Rumıniya arasındakı ədəbi-mədəni əlaqələri üçün çox əhəmiyyətlidir. O modern poeziyanın nümayəndəsidir və yaradıcılığı çox dərindir".

Rumın şairi İon Deakoneskuya Azərbaycan haqqında təəssüratlarını dilə gətirib.

"Azərbaycana ilk dəfə gəlirəm. Hələ də gördüklərimin təsirindən çıxa bilmirəm. Çox gözəl şəhəriniz var. Fəxri Xiyabanda Rəsul Rza kimi şairləri ziyarət etmək şansım oldu. Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərkən çox təsirləndim".

Tədbirin bəddi hissəsində pianoçu Fidan Yunusun ifasında Azərbaycan və rumın bəstəkarlarının əsərləri ifa olunub.

Qeyd edək ki, tədbirdə Rumıniyanın ölkəmizdə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soare də iştirak edib.