BAKI, 14 may. TELEQRAF
Mayın 13-də Heydər Əliyev Fondunun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində IX “Muğam” Televiziya Müsabiqəsinə start verilib. Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə yeniyetmə və gənclər iştirak edir.
Teleqraf xəbər verir ki, layihədə 10 azyaşlı və 20 böyük yaş qrupuna aid ifaçı iştirak edir. Üç ay ərzində bölgələrə səfərlər təşkil olunub və bu səfərlər nəticəsində istedadlı gənc ifaçılar seçilib.
Müsabiqənin münsiflər heyətinin üzvləri arasında Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Müsabiqədə iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edir.
Avqust ayının sonunda isə IX “Muğam” Televiziya Müsabiqəsinin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür.