BAKI, 29 aprel. TELEQRAF
Azərbaycan Dövlət Akademik Filarmoniyasında II Beynəlxalq Opera Festivalı “Viva Opera” adlı bağlanış konserti ilə yekunlaşıb.
Teleqraf xəbər verir ki, Xalq artisti Fidan Hacıyevanın iştirakı ilə gerçəkləşən konsertdə Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərlərindən ibarət zəngin repertuar təqdim olunub. Sənətkar çıxışı ilə tamaşaçılara unudulmaz musiqi gecəsi yaşadıb.
Xalq artisti festival boyunca onu tək buraxmayan tamaşaçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, aprelin 23-dən başlayan Festival Bakının müxtəlif səhnələrində konsert proqramları ilə könülləri oxşayıb.
Festival boyunca həm yerli, həm də xarici tanınmış opera ifaçılarının, eləcə də gənc istedadların iştirakı ilə silsilə konsertlər təşkil olunub.
Festivalın bağlanış gecəsinin aparıcısı tanınmış televiziya siması Saleh Bağırov olub.