BAKI, 25 aprel. TELEQRAF

Azərbaycan Mədəniyyət Mərkəzi ana dilimizə dair Ankara Universitetinin Azərbaycan dili fakültəsinə nəşrlər hədiyyə edib və ortaq layihələrə start verib.

Bu haqda Teleqraf-a Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Ankara Universiteti arasında Azərbaycan dilinin tədrisi və təbliği istiqamtində əməkdaşlıq genişlənir.

Ankara Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili fakültəsində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı layihələrin həyata keçirilməsi, bununla bağlı tədbirlərin, müsabiqələrin, Azərbaycanın klassik irsi, tanınmış şəxsiyyətlərin yubileylərinin keçirilməsi, habelə fakültənin Azərbaycana dair nəşrlərlə təmin olunması müzakirə edilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün rəhbəri professor F.Sema Barutcu Özöndər və bölünün nəzdində fəaliyyət göstərən Azərbaycan dili fakültəsinin müdiri dr. Mehmet Rıza Heyet ilə görüşüb. Görüşdə ortaq layihələr, fakültədə Azərbaycan dilinin tədrisi prosesi, Azərbaycan türkcəsinə maraq və perspektivlər, sözügedən fakültə ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Qazi Universitetində yaradılmış Azərbaycan dilnini Tədrisi Ocağı arasında əməkdaşlıq və gələcək layihələrə dair fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan dili fakültəsində tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycan dilinin öyrənilməsi, milli mədəniyyətimiz və tariximizlə bağlı çıxışlar və məruzələr olub, tələbələrin maraq doğurduğu suallar cavablandırılıb. Fakültəyə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanla bağlı kitab kolleksiyası hədiyyə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizlə yanaşı, ana dilimizin təbliği ilə bağlı layihələr reallaşdırırlar.